Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığımızın davamlılığını təmin edib.
Bu fikirləri Newscenter.az-a Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova səsləndirib. O bildirib ki, iki ölkə arasındakı enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edib:
"Amma indiki şəraitdə bu əhəmiyyət daha da artıb. Azərbaycan qazı artıq Bolqarıstandadır və Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılması nəzərdə tutulub. Eyni zamanda Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir. Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacaq. Öz növbəsində Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumunun böyük əhəmiyyəti var. Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracaq".
Könül İsmayılova deyib ki, həmçinin cari ildə Azərbaycanla Bolqarıstan arasında tranzit yüklərin həcmi təqribən 50 faizə yaxın artıb:
"Gələcəkdə bu rəqəmin daha da böyük olması üçün Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gəlib. Eyni zamanda Bolqarıstan şirkətlərinin Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacağı da gözləniləndir".