Kreml Ukrayna ərazilərini ilhaq edərkən, Cənubi Qafqazı da “unutmayıb”. Rusiya xarici işlər naziri Sergey Lavrov yeni təkliflə çıxış edib: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyasında və delimitasiyasında iştirak edə bilər”. Bu Putinin planıdır, Lavrov vasitəsilə səsləndirib. Kreml Azərbaycanla münasibətləri gərginləşdirməmək üçün Ermənistana birmənalı dəstək verməkdən çəkinir. Digər tərəfdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Qazaxıstan, Qırğızıstan və Belarus birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanla təmas xəttində baş verənlərə qarışmaq istəmirlər. Bu da Kremli durduran bir başqa amildir.
Buna baxmayaraq, Kreml ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda fəallaşmasından, Qərbin Bakı və İrəvanla intenviləşən təmaslarından narahatdır. Kreml rəqiblərinin Cənubi Qafqazdan sıxışdırılmasının yollarını axtarır. “KTMT sərhədin müəyyənləşməsində iştirak etsin” təklifi bu siyasətin tərkib hissəsidir. Azərbaycanla Ermənistan arasında təmas xətti var, sərhəd yoxdur. İki dövlət arasında sərhədin müəyyənləşməsində üçüncü tərəf ancaq vasitəçi rolunda çıxış edə bilər. Rusiya KTMT adı altında öz qoşunlarını təmas xəttində yerləşdirmək istəyir. Ermənistanla sərhəd müəyyənləşməyənə qədər bu Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir.
Elxan Şahinoğlu