29-30 sentyabr tarixlərində BMqT-nin Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti (DMX) Miqrasiya üzrə Regional Təlim Mərkəzi (MRTM) layihəsi çərçivəsində 2 günlük təlim sessiyası təşkil etdilər. Newscenter.az xəbər verir ki, təlimin məqsədi 25-29 iyul tarixlərində 5 günlük təlimçilər üçün təlim zamanı əldə edilmiş bilikləri sıravi miqrasiya xidməti əməkdaşları, miqrasiya məktəbi iştirakçılarına və miqrasiya sahəsindəki könüllülərə ötürmək idi. Təlim BMqT-nin beynəlxalq məsləhətçisi tərəfindən hazırlanmış MRTM kurrikuluma əsasən DMX-dən olan 6 təlimçi tərəfindən keçirildi.
Açılış nitqində BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev iştirakçılara miqrasiya sahəsində bilik və bacarıqlarını, miqrasiya idarəçiliyi ilə bağlı məlumatlarını artırmaq imkanı verən təlimin əhəmiyyətini vurğuladı.
Miqrasiya üzrə Təlim Mərkəzi çərçivəsində regional səviyyədə təlimlərin təşkilinin səmərəliliyini vurğulayan Qyorqiyev bu tədbirlərin tərəfdaş ölkələr arasında əməkdaşlığın genişlənməsinə töhfə verdiyini qeyd etdi.
Açılış sessiyasında çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov təlimin əhəmiyyətini vurğulayaraq, yaxın vaxtlarda Türkiyə və Özbəkistanda da belə təlimlərin keçirilməsinin planlaşdırıldığını bildirdi.
Hazırkı təlimçilərin məhz cari ilin 25-29 iyul tarixlərində Bakı şəhərində təşkil edilən 11 ölkənin nümayəndələrinin qatıldığı milli təlimləri uğurla başa vuraraq Regional Ekspert Şəbəkəsinin ilk sertifikatlarını alan xidmət əməkdaşları olduğunu bildirən Hüseynov gələcəkdə də gənclər, tələbələr və könüllülərə yönəlmiş xüsusi təlim proqramlarının planlaşdırıldığını qeyd etdi.
Təlimin gedişi zamanı iştirakçılar beynəlxalq miqrasiyanın miqyası, xarakteri və mərhələləri, beynəlxalq miqrasiya hüququ, beynəlxalq mühafizənin məzmunu, Miqrasiya üzrə Qlobal Paktın əsas komponentləri, readmissiya və miqrant qaçaqmalçılığına qarşı mübarizə haqqında biliklərini genişləndirək imkanı qazandılar.
Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif olundular.
BMqT-nin Azərbaycan nümayəndəliyi və DMX tərəfindən BMqT-nin İnkişaf Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsi regionda miqrasiya sahəsində hökümətlər və maraqlı tərəflər arasında geniş məlumat mübadiləsi, araşdırma və dialoqa xidmət edəcək miqrasiya üzrə regional təlim mərkəzi vasitəsilə Azərbaycan, MDB və digər xarici ölkələrdə miqrasiya idarəçiliyi sahəsində regional təhsil potensialını və əməkdaşlığı artırmağı hədəfləryir.