Bu gün Prokurorluq işçilərinin peşə bayramı Lerik rayoununda qeyd olunub.
Newscenter.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı İqbal Məmmədov da iştirak edib. Lerik rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayon prokurorluğunun işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə tər güllər düzülüb.
Bayram tədbiri rayon prokurorluğunun binasında davam etdirilib. Rayon Prokuroru Akif Rzayev tədbirdə çıxış edərək respublikanın prokurorluq orqanlarının keçdiyi 104 illik şərəfli yoldan danışıb. A.Rzayev dövlət başçısı cənab İlham Əliyev tərəfindən prokurorluq işçilərinə göstərilən qayğını minnətdarlıqla qeyd etmiş, bu yüksək diqqətin dövlətçiliyə xidmətdə onlar üçün güclü stimul olduğunu xüsusi vurğulamışdır.
Millət vəkili Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovla birgə prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, çətin və şərəfli işlərində uğurlar arzulayıb. Qeyd edilib ki, prokurorluq işçiləri ölkəmizdə qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Şərəfli bir təkamül yolu keçmiş prokurorluq orqanları bu gün dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirir,vətəndaşların hüquqlarının etibarlı müdafiəsində öz xidmətlərini göstərir.
Tədbirdə digər çıxış edən rayon hüquq-mühafizə orqanlarının rəhbərləri prokurorluq orqanlarının insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə xidmət etdiyini vurğulayıb, prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik ediblər.
Sonda 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 104 illiyi münasibətilə rayon Prokurorluğunun əməkdaşları Lerik Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif olunublar.