Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən avqust-sentyabr ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, soyğunçuluq, xuliqanlıq cinayətləri edən və üzərində qanunsuz olaraq odlu silah saxlayan ümumilikdə 84 nəfər saxlanılıb.
Newscenter.az xəbər verir ki, həmin şəxslərdən 4-ü qadın olmaqla 60-ı narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Onlardan 50-i barəsində məhkəmə tərəfindən həbs, 10-u haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Qanunsuz dövriyyədən müxtəlif çəkidə narkotik vasitə və psixotrop maddələr, eləcə də yüzlərlə narkotik tərkibli həblər çıxarılıb.
Qeyd edilən dövr ərzində Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı şəhər ərazisində yerləşən evlərdən, mağazalardan və avtomobillərdən oğurluqlar edən 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bundan əlavə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 11, vətəndaşlara qarşı soyğunçuluq və xuliqanlıq edən 2 və qanunsuz olaraq odlu silah saxlayan 2 nəfər tutularaq cinayət məsuliyyətinə cəlb olunub.
Həmçinin şöbə əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən kafelərin birində qumar oynayan şəxslər də müəyyən edilərək məsuliyyətə cəlb olunublar. Həmin kafeni icarə əsasında işlədən şəxs barəsində isə araşdırmalara başlanılıb.
Bu müddət ərzində Nazirliyin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlərlə 2016-ci ildən bağlı qalmış bir oğurluq hadisəsinin üstü də açılıb.
Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.
Mehman