Milli Məclisin 30.09.2022-ci il tarixdə qəbul etdiyi Qərarla Azərbaycan “Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” Konvensiya və “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiya qoşuldu.
“Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” Konvensiya beynəlxalq münasibətdə sözü gedən sahələr üzrə dövlətlərarası hüquqi normativ və prosedur qaydalarınını müəyyən etməklə nəticə etibarı ilə iqtisadi və ticarət əlaqələrinin daha da genişlənməsinə kömək edəcək. Eyni zamanda da, xarici dövlətlərlə qarşılıqlı investisiya qoyulması məsələlərində mümkün risklərin azaldılması və investisiya yatırımına, biznes, sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə müsbət təsir edəcək. Bu Konvensiyaya qoşulmaqla Azərbaycan həm daxili iqtsadi, sosial vəziyyətin yaxşılaşmasına və həm də qarşılıqlı investisiya, ticarət, biznes risklərinin hüquqi mexanizmlərlə sığortalamış kimi olur. Təbii ki, Azərbaycan dövləti “Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” Konvensiyaya qoşulmağı müsbət nəticələr vəd edir.
O ki, qaldı “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyaya, etiraf etmək lazımdır ki, bu Konvensiyaya qoşulmağa ehtiyac var idi. Son dövrlərdə Azərbaycan vətəndaşlarının əcnəbilərlə nigah münasibətlərinin artması doğulmuş uşaqların, anaların maraq və mənafelərinin qorunmasında müəyyən çətinliklər özünü aşkar göstərirdi. Xarici dövlətlərin vətəndaşlardan alimentin tutulmasının təmin edilməsi məsələsində bu konvensiyanın yaratdığı imkanlar çox genişdir.
Məsələyə təkcə uşaq, aliment prizmasından baxmaq da düz deyil belə ki, Konvensiya məhkəmə qərarlarının icrasını təmin etməklə yanaşı həm də Azərbaycan qanunlarının xaricdə işləməsi deməkdir yəni, Azərbaycan dövləti öz vətəndaşlarının hüquqlarını, mənafelərini xarici dövlətlərdə də qorumaq imkanı əldə edir. Bu isə o deməkdir ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanmaqla öz qüdrətini də nümayiş etdirir.
Azərbaycanın qeyd etdiyimiz Konvensiyalara qoşulması onun artan imicinə də müsbət təsir edəcək. Güclü dövlət həm də o dövlət sayılır ki, o öz vətəndaşının hüquq və maraqlarını xarici dövlətlər daxilində də qoruya bilir. Bu mənada Azərbaycan həm də öz gücünü nümayiş etdirir.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas