Rusiya Ordusunun Qərb Hərbi Dairəsinin komandanı Aleksandr Juravlyov tutduğu vəzifədən uzaqlaşdırılıb.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə məlumat Rusiyanın vergi ödəyicisinin eyniləşdirmə nömrəsi reyestrində yer alıb.
Reyestrdə kadr rotasiyasının sentyabrın 28-də həyata keçirildiyi əks olunub.
Qərb Hərbi Dairəsinin yeni komandanı isə general-leytenant Roman Berdnikov olub. O, vaxtilə Suriyada Rusiya hərbçiləri qrupuna rəhbərlik edib.
Müdafiə Nazirliyinin saytında Juravlyov hələ də Qərb Hərbi Dairəsinin başçısı kimi qeyd olunur.
Bununla belə, nə A.Juravlyovun vəzifəsindən kənarlaşdırılması, nə də R.Berdnikovun təyinatı ilə bağlı heç bir sərəncam dərc olunmayıb.
Qeyd edək ki, Qərb dairəsinin qoşunları Xarkov vilayətində gedən döyüşlərdə iştirak edirdi. Rusiya hərbi teleqram kanalları isə onları dözümsüzlükdə və mövqelərdən geri çəkilməkdə ittiham edirdilər ki, bu da Rusiya qoşunlarının bölgədəki işğal olunmuş ərazilərin əksəriyyətini itirməsinə səbəb olub.
Xatırladaq ki, Rusiyada hərbi uğursuzluqlara görə məsuliyyət daşıyanların cəzalandırılması çağırışları var. Məsələn, ötən gün Çeçenistanın lideri Ramzan Kadırov Mərkəzi Hərbi Dairənin komandiri general Lapini (Xarkov və Luqansk vilayətlərinin şimalında qoşunlara komandanlıq edir) sərt şəkildə tənqid edib.