Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu.
3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər ölkəmizi böyük bəlalardan, faciələrdən qorudu, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmağa müvəffəq oldu.
Ümummilli lider Heydər Əliyev hər zaman siyasi fəaliyyətində xalqına güvənir, xalq da eyni zamanda öz liderinə etibar edir, etimad göstərirdi. Həmin dövrdə inkişaf etmiş və güclü dövlətin qurulmasının səbəblərindən biri də xalqın və dahi liderin birliyi idi. Azərbaycan xalqı Heydər Əliyevin dövlətin maraqlarını qoruyacağına, əlindən gələni ən yüksək səviyyədə edəcəyinə, inkişafı üçün ən düzgün qərarları verəcəyinə inanırdı.
90-cı illərin əvvəllərində Azərbaycanda siyasi-ictimai durum çox ağır idi. Bir tərəfdən Ermənistanın təcavüzü, digər tərəfdən ölkədəki ağır ictimai-siyasi durum, vətəndaş müharibəsi, ölkəmizin inkişafına ciddi əngəllər yaradırdı. Həmin günlərdə Azərbaycanı bu durumdan çıxara biləcək liderə ehtiyac var idi. Bu vəzifənin öhdəsindən yalnız Heydər Əliyev gələ bilərdi.
Təəssüf ki, Vəzirov-Mütəllibov rejimi, daha sonra Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışıb və bu yolun alternativi olmadığını başa düşmək istəmirdilər. Əgər onlar həmin vaxt sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın, Şuşa xəyanətlərinin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz bu qədər ağrılı və əzablı yollardan keçməzdi.
Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi sürətləndi. Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində mühüm kompleks tədbirlər həyata keçirildi.
Heç şübhəsiz ki, Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu Azərbaycanı müstəqil və bütöv görmək idi, onun əsas məqsədlərindən biri qısa zaman ərzində işğal edilmiş torpaqlarımızın azad edilməsi idi. Dahi liderin bu arzusunu onun layiqli davamçısı cənab Prezident İlham Əliyev uğurla yerinə yetirdi.
Tam əminliklə söyləyə bilərik ki, Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəldi. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazandı görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Məhz bu siyasət nəticəsində Azərbaycan bu gün inkişaf edir, yeni uğurlara imza atır. Qarşıda bizi hələ yeni uğurlar gözləyir.
Ceyhun Məmmədov-Milli Məclisin deputatı