Azərbaycanla İsrail arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib.
Müdafiə Nazirliyindən Newscenter.az-a verilən məlumata görə, bu, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun oktyabrın 3-də ölkədə rəsmi səfərdə olan İsrailin müdafiə naziri Benyamin Qansın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı baş verib.
Görüşdən əvvəl İsrailin nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələrini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. İsrailin müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Z.Həsənov hər iki ölkə arasında tərəfdaşlığın yüksək səviyyədə olmasının təkcə dövlətlərimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib.
B.Qans isə öz növbəsində hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif ixtisaslı hərbi mütəxəssislər səviyyəsində işçi görüşlərin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.