Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni vandallarının və təxribatçılarının Fransada at oynatması bu ölkə üçün ayıbdır

Erməni vandallarının və təxribatçılarının Fransada at oynatması bu ölkə üçün ayıbdır


1 oktyabr 2022-ci il tarixində Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən növbəti vandalizm aktı ilə bağlı rəsmi Bakının Fransaya nota verməsini və bu ölkədən təzminat tələb etməsini Milli Həmrəylik Partiyası olaraq dəstəkləyir və alqışlayırıq!

Fransa hökuməti diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasından irəli gələn öhdəliklərini yerinə yetirmir və Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyi lazımi səviyyədə təmin olunmur. Ancaq bu o demək deyil ki, Fransanın bu cür saymazyana, məsuliyyətsiz davranışları cavabsız qalacaq. Biz ilk növbədə Birləşmiş Millətlər Təşkilatını (BMT) Fransa hökumətinə üzərinə götürdüyü öhdəlikləri, imzaladağı konvensiyaları xatırlatmağa çağırırıq.

Eyni zamanda Fransa prezidenti Emmanuel Makrona tövsiyyə edirik ki, qulağının dibində - Parisin mərkəzində yerləşən Azərbaycanın diplomatik nümayəndəliklərinə, o cümlədən Azərbaycan Mədəniyyət Mərkəzinə qarşı onun sevimli erməni əsilli seçiciləri tərəfindən indiyə qədər törədilmiş zorakılıq aktlarının, vandalizm hərəkətlərinin hərtərəfli araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün hərəkətə keçsin, Fransanın "cəngəlliklər vadisi" yox, gerçəkdən də bir hüquq dövləti, sivil ölkə olduğunu əməldə təsdiqləsin.

Azərbaycan Fransanın Bakıdakı səfirliyinin və digər nümayəndəliklərinin mühafizəsini qüsursuz şəkildə həyata keçirdiyi kimi Fransa hökuməti də Azərbaycanın diplomatik nümayəndəliklərinin mühafizəsini lazımi qaydada təmin etməyə borcludur. Bu baxımdan, biz Parisdəki səfirliyimizin inzibati binasına vurulmuş ziyanın aradan qaldırılması və müvafiq təzminatın ödənilməsinin təmin olunmasını tələb edən hökumətimizin yanındayıq.

Erməni vandallarının və təxribatçılarının Fransada at oynatması bu ölkə üçün ayıbdır. Dünyanın "demokratiya beşiyi" və "hüquq dövləti" adına iddialı olan Fransada Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı zorakılıq və vandalizm hərəkətlərinə birdəfəlik son qoyulmalıdır!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş