Azərbaycanın tarixində mühüm əhəmiyyətə malik elə günlər var ki, həmin günlərdə ölkənin,xalqın gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçimi etdi. Belə ki, 1993-cü il oktyabrın 3-də xalqımız öz etimadını göstərərək Ulu öndər Heydər Əliyevi xalqa rəhbər, Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu seçim, qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamından qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrdə yalnız Heydər Əliyev dühası ölkəyə sahib çıxa biləcək və xalqı zülmətdən işıqlığa çıxaracaq.
Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin Respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu ölkəmizə qarşı olan bütün tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan “Əsrin müqaviləsi” ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyimizi möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.
Uzaqgörən lider yaxşı bilirdi ki, güclü, nizam-intizamlı ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra bu məsələyə əsas prioritet kimi yanaşmağa, böyük diqqət ayırmağa başladı. Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da Andiçmə mərasimindəki çıxışında bu barədə danışaraq deyirdi: “Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”. Çox keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, Silahlı Qüvvələrimizin maddi texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu.
Ümummilli Liderin qarşıya qoyduğu ümdə vəzifələrdən biri də milli dövlət quruculuğunu həyata keçirmək idi və bu məsələ də qısa zaman kəsiyində öz həllini tapdı. Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir.
Dahi Heydər Əliyevin öz milləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri də özündən sonra onun iqtisadi-siyasi kursunu davam etdirə biləcək layiqli varis yetişdirməsidir. 2003-cü ildə böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilən İlham Əliyev ötən Ulu öndərin təməlini qoyduğu siyasi-iqtisadi kursunu qloballaşan dünyanın tələblərinə uyğun olaraq inam və ardıcıllıqla davam etdirir. Onun rəhbərliyi ilə Azərbaycan dünyada böyük nüfuza, iqtisadi gücə malik ölkə kimi tanınır. Ölkəmiz iqtisadi artım tempinə görə dünya ölkələri sırasında lider mövqedədir. Ən əsası, bugün ölkəmiz dünyada Qalib ölkə kimi tanınır.Xalqımız Ali baş komandanın Dəmir Yumruğu ətrafında toplaşaraq, torpaqlarımızı işğaldan azad etdi. Ali baş komandan müqəddəs ata vəsiyyətini layiqincə yerinə yetirdi. Cənab Prezident İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk gündən vurğulayıb ki, Azərbaycanda Heydər Əliyev siyasi-iqtisadi inkişaf kursu davam etdiriləcək. Çünki bu kursa alternativ yoxdur, bu kurs yüksək inkişaf və tərəqqi yoludur.
Günəş Cəfərova- Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatı Mir-Qasımov 1/8 ərazi ilk partiya təşkilatının sədri.