Ötən həftə Xovatiyada səfərdə olan Parlamentin Azərbaycan nümayəndə heyətinin keçirdiyi görüşlər bu ölkənin nüfuzlu KİV tərəfindən də geniş işıqlandırılıb.
Newscenter.az xəbər verir ki, Xorvatiya mətbuatı Azərbaycanla münasibətlərin əhəmiyyətini gündəmə gətirərək, Milli Məclis üzvlərinin keçirdiyi görüşlər, apardıqları müzakirələrin yaxşı perspektiv vəd etdiyini vurğulayıb. Bu səfər və aparılan müzakirələr ikitərəfli əməkdaşlıq üçün yeni imkanlarin açılması kimi qiymətləndirilib. Qeyd edək ki, Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri millət vəkili Könül Nurullayeva, qrupun üzvləri Eldar Quliyev və Kamran Bayramov Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbərinin dəvəti ilə sentyabrın 25-də Xorvatiyaya səfər ediblər.
Səfərin ilk günündə nümayəndə heyəti Xorvatiyanın Xarici və Avropa işləri Nazirliyinin dövlət katibi Frano Matusiçlə, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin dövlət katibi İvo Milatiçlə görüşüb. Görüşdə əsas diqqət iki ölkənin bir çox beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiyi, bu işbirliyinin qarşılıqlı şəkildə genişləndirilməsi perspektivlərinə yönəlib. K.Nurullayeva çıxışı zamanı iki ölkə arasında indiyədək imzalanmış sazişlər, parlamentlərarası əlaqələrin inkişafı məqsədilə görülmüş işlər, habelə beynəlxalq təşkilatlar çərçivəsində davam edən əməkdaşlıq barədə məlumat verib.
Milli Məclisin Hesablayıcı Komissiyasının sədri Eldar Quliyev də ikitərəfli münasibətlərin inkişafına toxunub. Deputat, həmçinin iki il əvvəl, sentyabrın 27-də baş verən İkinci Qarabağ müharibəsini xatırladıb. Bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra edərək, öz ərazi bütövlüyünü bərpa etdi və işğala son qoydu. Bu gün Qarabağda və Şərqi Zəngəzurda yüksək standartlara uyğun bərpa-quruculuq işləri aparıldığını bildirən E.Quliyev mina probleminin bölgənin sürətli inkişafına mane olan əsas faktorlardan biri olduğunu vurğulayıb. Qeyd edib ki, mina problemi mülki insanların həyatını itirməsinə səbəb olur. E.Quliyev Azərbaycanın bölgədə dayanıqlı sülh və təhlükəsizliyin yaranmasında maraqlı olduğunu diqqətə çatdırıb.
Regional məsələlər, həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Kamran Bayramov isə iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Azərbaycanın Şəki və Naftalan şəhərlərinin Xorvatiyanın Varajdin və İvaniç-Qradın qardaşlaşmış şəhərlər olduğunu xatırladıb. Bildirib ki, regional inkişaf ikitərəfli münasibətlərdə əsas istiqamətlərdən biridir. Bu cür regionlararası əməkdaşlıq, Azərbaycan ilə Xorvatiya arasında mövcud ikitərəfli əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcək.
Dörd gün davam edən səfər çərçivəsində nümayəndə heyəti Karlovaç şəhərində də olublar. Burada millət vəkilləri vilayət rəhbəri Martina Furdek Haydin, şəhərin icra başçısının müavini İvano Foçiç, Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maya Qrba Buyeviç, Karlovaç İqtisadiyyatının Xorvatiya Palatasının prezidenti Zlatko Kuzman, Karlovaç vilayətinin Xorvatiya Turizm Şurasının prezidenti Zelko Fanyak, Xorvatiya Parlamentinin Qanunvericilik Komitəsinin sədri Mariya Yelkovaç və Xorvatiya Parlamentinin Seçkilər, təyinatlar və idarəetmə Komitəsinin sədri Nada Murganiç ilə görüşüblər.
Karlovaç vilayət rəhbərliyinin ofisində baş tutan görüşdə Azərbaycan nümayəndə heyətinin sədri K.Nurullayeva görüşün 27 sentyabr Azərbaycanın anım gününə təsadüf etdiyini xatırladaraq Vətən müharibəsindən danışıb. Şəhidlərimizin əziz xatirəsinə ehtiram ifadə olunub. Deputat bildirib ki, Azərbaycan 44 gündə 30 illik işğala son qoyub və böyük Qələbə əldə edib. Xorvatiya ilə ikitərəfli münasibətlərə də toxunan K.Nurullayeva Azərbaycanın Şəki şəhəri ilə Xorvatiyanın Varajdin şəhəri arasında imzalanmış əməkdaşlıq sənədləri barədə məlumat verərək Karlovaç şəhəri ilə də bu cür əməkdaşlıq imkanlarının müzakirə edilməsini təklif edib. Millət vəkili Eldar Quliyev isə öz növbəsində ikitərəfli əlaqələrin perspektivlərinə toxunub. İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi böyük Qələbənin yaratdığı imkanlardan danışıb. Diqqəti bölgənin rifahına xidmət edən Zəngəzur dəhlizinin əhəmiyyətinə yönəldib.
Millət vəkili Kamran Bayramov isə Karlovaç şəhərinin sənaye şəhəri olduğunu xatırladaraq, ikitərəfli əməkdaşlıqda bu sahə üzrə də qarşılıqlı imkanların dəyərləndirilməsinin vacibliyini qeyd edib.
Nümayəndə heyəti, həmçinin Xorvatiya Parlamentində Nazirlər Kabinetinin iştirakı ilə keçirilən "Açıq sual" iclasını qonaq qismində izləyiblər. Xorvatiya Parlamenti sədrinin müavini Davorko Vidoviç ilə görüşüb, bir sıra əhəmiyyətli mövzular üzrə fikir mübadiləsi aparıblar. Deputat Könül Nurullayeva çıxış edərək, hər iki xalqın paylaşdığı dərin dostluq və rəğbət hissləri ilə uyğunluq təşkil edən parlamentlərarası münasibətlərdən, dostluq qruplarının yaradılmasının tarixindən bəhs edib. Xorvatiya parlamentinin keçmiş sədrlərinin 2013 və 2014-cü ildə Azərbaycana, habelə V çağırış Milli Məclisin sədrinin 2014-cü ildə Xorvatiyaya etdiyi rəsmi səfərlərin önəmini qeyd edib.
Sonra Azərbaycan nümayəndə heyəti Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maya Qrba-Buyeviç və qrupun üzvləri ilə görüşdə iştirak edib. Dostluq qrupları arasında may ayında keçirilən görüşdə Azərbaycan Respublikası və Xorvatiya Respublikası Parlamentləri arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və şaxələndirilməsi istiqamətində irəli sürülən bir sıra mühüm təkliflər yenidən səsləndirilib. Təkliflər əsasən mədəniyyət, elm, gender bərabərliyi, gənclər siyasəti, idman sahələrinə aid olub.
Azərbaycan nümayəndə heyətinin üzvləri Xorvatiya Parlamentinin Avropa işləri Komitəsinin sədri Domaqoy Haydukoviç və Xarici siyasət Komitəsi sədrinin müavini Davor Ivo Stir ilə də görüşüblər. Millət vəkili Könül Nurullayeva çıxış edərək, Xorvatiyanın göstərdiyi siyasi dəstəyə və Qarabağ məsələsindəki mövqeyinə görə təşəkkürünü bildirib. Həmçinin vurğulayıb ki, 2 il əvvəl 44 gün davam edən müharibə nəticəsində Azərbaycan öz ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyaraq, ərazi bütövlüyünü bərpa edib. "Azad edilmiş ərazilərdə aparılan yenidənqurma və minalardan təmizləmə işlərində Xorvatiya şirkətləri də yaxından iştirak edir", - deyə K.Nurullayeva söyləyib.
Millət vəkili Eldar Quliyev də öz növbəsində diqqəti Qarabağ münaqişəsinin həllindən sonrakı vəziyyətə yönəldib. Aparılan bərpa-quruculuq işləri barədə məlumat verib. Eyni zamanda mina probleminə toxunaraq, Ermənistanın postmünaqişə dövründə də destruktiv siyasət yeritdiyini bildirib. Bu yanaşmanın bölgədə davamlı sülh və təhlükəsizliyə mane olduğunu vurğulayıb.
Milli Məclisin deputatları, eyni zamanda Xorvatiya Parlamentinin İqtisadiyyat komitəsinin sədri Zarko Tuşek ilə görüş keçiriblər. Görüşdə deputat Könül Nurullayeva bildirib ki, son iki ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 1,2 milyard dollardan çox olub. Azərbaycan və Xorvatiya hökumətləri arasında İqtisadi Əməkdaşlığın Təşviqi üzrə Birgə Komissiya 2013-cü ilin martında yaradılıb və bu günədək birgə komissiyanın iki iclası keçirilib. Millət vəkili, həmçinin yaxın gələcəkdə Birgə Hökumətlərarası Komissiyanın üçüncü iclasının təşkilinin iqtisadi əməkdaşlığın inkişafı baxımından çox faydalı olacağına dair əminliyini ifadə edib.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin üzvləri Xorvatiyanın Turizm və idman naziri Nikolina Brnyak ilə də görüşüblər, iki ölkə arasındakı mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində müzakirələr aparıblar. Xorvatiya mətbuatı ümumilikdə bu səfəri ikitərəfli münasibətlərin inkişafına töhfə kimi qiymətləndirib.
Ruhiyyə