Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycandan ikiüzlü dünyaya "tərs şillə"

Azərbaycandan ikiüzlü dünyaya "tərs şillə"


Azərbaycan erməni vəhşiliyi və bu vəhşiliyə bu günə qədər göstərilən beynəlxalq laqeydlik nəticəsində ”Qafqazın Xirosiması” adını alan Ağdamda “Milli Şəhərsalma Forumu” keçirir! Regionla bağlı maraqları gündən günə artmaqda olan dünyanın diqqətinin yönəlməsi ilə yanaşı, BMT-nin Yaşayış Məskənləri Proqramı - UN HABİTAT-ın da iştirak etdiyi forumda həm də, dünyanın müxtəlif ölkələrinin, o cümlədən də uzun illər ATƏT-in Minsk Qrupuna həmsədrlik edən və xüsilə də BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan dövlətlərin təmsilçiləri iştirak edirlər.

44-dən çox dövlətin 130-dan artıq nümayəndə və 400-dən çox iştirakçının olduğu belə bir mötəbər forum Ağdamda təsadfi keçirilmir. Hər şey zərgər dəqiqliyi və uzaqgörən ustalıqla hesablanıb, ölçülüb və biçilib. Yenicə unikal bir müharibədən çox böyük Zəfərlə çıxan ölkənin qalib Prezidentinin çıxış etdiyi tribunanın arxa fonuna qədər. Dünyanın ən gözəl şəhərlərindən olan Bakımızın fonunda Ağdam həm də ona görə seçilib ki, biz iki ildir işğaldan azad etdiyimiz o ərazilərdə geniş quruculuq və bərpa işlərini dünyanın başqa yerlərindəki kimi beynəlxalq dəstək olmadan və hələ də təhlükəsi sovuşmayan yeraltı ermənilər olan minaların partlaya biləcəyi ərazilərdə keçirirk. Ki, forumda iştirak edənlər sadəcə bir dəfə həmin o təhlükəni hiss edərək bizi anlamağa çalışsınlar!

Forumda Prezident İlham Əliyevin “burada bir zamanlar həyatdolu Ağdam var idi” sözləri ilə başlayan çıxışına diqqətlərini kəsdikləri ilə yanaşı iştirakçıların üzlərində bir qorxu, şok və hiddətin harmoniyası da açıq şəkildə hiss olunurdu! Ancaq bununla yanaşı Prezidentin dünyaya “tərs şillə” təsiri bağışlayan çox dəqiq və konkret hədəflərə tuşlanmış fikirləri və arqumentləri də ard-arda gəlirdi. Ermənilər Azərbaycana və ya xalqımıza qarşı daha hansı vəhşiliyi etməli idilər ki, və yaxud Azərbaycan daha hansı itkikəri verməli idi ki, dünya 30 il ərzində hər il, hər gün, hər saat və hər an baş verməkdə olan genosidə, ekosidə, urbisidə, kultursidə və digər cinayətlərə səsini çıxara idi?!

Bütün dünyanın digər məsələlərdə dərhal eşitdikləri və operativ şəkildə reaksiya verdikləri bir Liderin bəlkə də bu günə qədər 250-dən artıq vətəndaşımızın həyatına son qoyan minaların partlayışından daha gur şəkildə səslənən çağırışlarına səs verməkdə ikiüzlülük etməsi anlaşılan deyil. Ancaq bir məqamı açıq şəkildə dəqiqləşdirmək mümkündür ki, Azərbaycan özünün haqlı savaşını bu gün də bütün istiqamətlərdə və düşmənin çoxillik və çoxsaylı cinayətlərinin nəticəsində bizə vurulan yüz milyardlarla ölçülən zərərin hesablanması ilə bağlı da eyni zərgər dəqiqliyi ilə aparır. Prezidentin də dediyi kimi, Ermənistan Azərbaycan ərazisində bu illər ərzində bir milyondan artıq mina basdırıb. Biz onları da təmizləyəcəyik! Ancaq bütün o minaların hamısının birlikdə partlayışından da böyük əks səda doğuracaq əsl ”mina partlayışı” bilrisinizmi nə zaman olacaq?! Biz Ermənistana qarşı beynəlxalq hüquq və ədalət mühakiməsi müstəvisində bizə vurduğu çoxmilyardlıq zərərlə bağlı mötəbər dəlil və sübutlar əsasında təzminat iddiası qaldıranda! Artıq dünyada çoxlu sayda təcrübəsi olan belə bir zərərin ödənilməsinə əminəm ki, mütləq nail olacağıq, necə ki, bir çoxlarının inanmadığını biz xalq, dövlət və rəhbər birliyi və monolitliyi nəticəsində 44 gündə etdik!

Xəyal Bəşirov--Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri
Xəbəri paylaş