Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Edilli kütləvi məzarlığı Ermənistanın əsil mahiyyətini ortaya qoyur

Edilli kütləvi məzarlığı Ermənistanın əsil mahiyyətini ortaya qoyur


Təəssüflə qeyd etmək lazımdır ki, ötən əsrin əvvələrində olduğu kimi Azərbaycan yenidən öz müstəqilliyini əldə etdikdən sonra ermənilər tərəfindən xalqımıza qarşı soyqırım, etnik təmizləmə siyasəti həyata keçirildi. 1992-ci ildə Xocalı soyqırımı, sonrakı illərdə Daş Başı, Daşaltı, Başlıbel, Malıbəyli kəndlərində ermənilər azərbaycanlılara qarşı xüsusi amansızlıqla divan tutublar. Bu günə qədər 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı heç bir məlumat yoxdur. I Qarabağ müharibəsi dövründə ermənilər tərəfindən azərbaycanlıların kütləvi şəkildə xüsusi amansızlıqla qətlə yetirilməsini azad edilən torpaqlarımızda aşkar edilən kütləvi məzarlıqlar da bir daha ortaya çıxarır.

Çox təəssüf ki, dünya birliyi bununla bağlı heç bir reaksiya verməyib. YUNESCO və digər beynəlxalq təşkilatlar bu gün ermənilərin azərbaycanlılara qarşı soyqırımı və digər insanlıq əleyhinə olan cinayətlərinə reaksiya vermir. Bu, Azərbaycana qarşı olan ikili yanaşmaların növbəti nümunəsi hesab edilməlidir. Amma bunun əksinə Azərbaycana qarşı Ermənistan tərəfindən heç bir əsası olmayan məsələyə az qala qərəzli siyasəti özünün dövlət mahiyyətinə çevirmiş ökələr bizə qarşı ittihamlar irəli sürürlər.

Onu da qeyd edək ki, Xocavənd rayonunun Edilli kəndində 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqların aşkar edilməsi də növbəti erməni vəhşiliyinin, insanlıq əleyhinə cinayətin bariz nümunəsidir.

Ermənistan müharibə qurbanlarının müdafiəsini təmin edən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların 8 iyun 1977-ci ildə qəbul edilən iki Əlavə Protokolunun iştirakçısı olmasına baxmayaraq, 30 ilə yaxın bir müddətdə beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini pozaraq, öz beynəlxalq-hüquqi öhdəliklərinə məsuliyyətsiz münasibət göstərmişdir.

Azərbaycan Ermənistandan fərqli olaraq beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə hər zaman sadiq olmuşdur. Dörd Cenevrə konvensiyasının iştirakçısı olan dövlətimiz, humanizm prinsipini əsas tutaraq daima beynəlxalq humanitar hüququn normalarına riayət etmişdir, öz daxili qanunvericiliyində onların tam implementasiyasını həyata keçirmişdir.

Beynəlxalq təşkilatlar nəhayət ki, Ermənistanın insanlıq əleyhinə, azərbaycanlılara qarşı soyqırımı cinayətlərinə real qiymət verməlidir. Bu olmadıqca özünün məkrli mahiyyətindən uzaqlaşmayan Ermənistan daha da aqressiv, təxribatçı siyasət həyata keçirməkdə davam edəcək.

Ceyhun Məmmədov-Milli Məclisin deputatı
Xəbəri paylaş