Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müəllim peşəsi çox şərəfli, məsuliyyətli peşədir

Müəllim peşəsi çox şərəfli, məsuliyyətli peşədir


5 oktyabr hər il dünyada Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur. Müəllimlər cəmiyyətin ən layiqli təbəqəsidir. Hz. Əli deyirdi ki, mənə bir hərf öyrədənin köləsi olaram.

Ölkəmizdə bu Bayram Ulu öndər Heydərin imzaladığı Sərəncama əsasən bir neçə ildir ki, keçirilməkdədir.

Məhz Ulu öndərin hakimiyyətdə olduğu bütün dövrlərdə müəllim əməyinə yüksək qiymət verilmiş, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli qərarlar qəbul edilmişdir.

Müəllim peşəsini yüksək qiymətləndirən Ümummilli lider deyirdi ki, Mən dünyada müəllimdən yüksək ad tanımıram.

Azərbaycan müəllimlərinin XI qurultayında Heydər Əliyev bildirirdi ki, Azərbaycan müəllimlərinin layiqli əməyi olmasaydı ölkəmizin bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilməzdi.

Ümummilli lider müəllimlərin əməkhaqlarının artırılması, onlara fəxri adların verilməsi ilə bağlı dəfələrlə sərəncamlar imzalamışdır.

Prezident İlham Əliyev də milli təhsilin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşmasına həmişə xüsusi qayğı ilə yanaşır, davamlı olaraq müəllimlərin cəmiyyətə nüfuznun daha da artması, sosial vəziyyətinin yaxşılaşması istiqamətində siyasət yürüdür.

Mən də müəllim olmuşam, 23 yaşımda dərs verməyə başlamışdım", deyən dövlət başçısı üçün müəllim peşəsi olduqca əziz peşədir. Onun vurğuladığı kimi müəllim peşəsi çox şərəfli, məsuliyyətli, çox ağır peşədir.

2004-cü ildə cənab Prezident tərəfindən təsdiq edilmiş Təhsilin İnkişafına dair Dövlət Proqramları təhsilin inkişafı, müəllimlərin işlə təmin edilməsi sahəsində mühüm rol oynayıb.

Cənab Prezident hər zaman müəllimlərin şərəfli əməyini layiqincə yüksək qiymətləndirir. Müəllimlərin Fəxri adlarla, yüksək mükafatlarla təltif edilməsi bir daha Müəllim adına, Şərəfinə verilən yüksək dəyərdir.

Ulu Öndərin maarifçilik ideyalarını ləyaqətlə davam etdirən Birinci vitse-prezidenti, UNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyeva həm də təhsilimizin hamisidir. Onun rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı məktəblərin bərpası və tikintisi, təhsil müəssisələrinin əyani vəsaitlər və şagirdlərin məktəb ləvazimatı ilə təminatı, müəllimlərə qayğısı tədrisin keyfiyyətində əsaslı dönüş yaradıb.

Azərbaycan müəllimi həm də sonsuz dərəcədə vətənpərvərdir, Vətənə, Torpağa sıx bağlıdır. Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərib, 20 təhsil işçisi döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb. Bu əziz gündə şəhid olmuş müəllimlərin ruhu qarşısında baş əyir, ailələrinə səbr diləyirəm.

Öz həyatını cəmiyyətimizin xoşbəxt gələcəyi, Azərbaycanın inkişafı və layiq vətəndaşların yetişdirilməsinə sərf edən bütün müəllimləri bu əziz gün münasibətilə təbrik edir, şərəfli işlərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıram!

Bayramınız mübarək, əziz müəllimlər!

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş