Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

O qədər də uzaq olmayan bir vaxtda sülh sazişi imzalanacaq

O qədər də uzaq olmayan bir vaxtda sülh sazişi imzalanacaq


Dünən Ermənistan Silahlı Qüvvələri Kəlbəcər və Tovuz istiqamətində mövqelərimizi atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlum olduğu kimi, bu günlərdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş olmuşdu. Görüşdən əvvəl İrəvan tərəfinin Azərbaycan hərbçilərinin guya erməni əsgərləri güllələməsinə dair yaydığı saxta kadrlar artıq qarşı tərəfin dekonstriktiv mövqeyinə işarə idi. Görüşdən sonra Ermənistan rəsmilərinin səsləndirdiyi bəyanatlar da göstərdi ki, qarşı tərəf dağıdıcı mövqeyində israrlıdır. Görünür, İrəvanın arxayın olduğu qüvvələr, və ya üçüncü tərəflər Ermənistanı sülh masası arxasına oturmamağa, vaxtı uzatmağa məcbur edirlər. Fikrimcə, ikinci variant daha realdır.

Əslində təxribatların baş verəcəyi gözlənilən idi. Adətən tərəflər arasında görüşlərdən sonra bu cür provokasiyalar olur. Ehtimal etmək olar, baş diplomatların sonuncu görüşü gərgin keçib, tərəflər arasında fundamental razılıq əldə olunmayıb. Bununla belə, gərginliyin davam etməsi, sözsüz ki, ən çox İrəvanın özünə ziyandır.

Ermənistan Azərbaycanla onsuz da sülh müqaviləsi imzalayacaq. Sadəcə geci - tezi var. İrəvanın sabotaj cəhdləri isə əslində Ermənistanın özünü çətin duruma salır. Azərbaycan ordusu həmişə olduğu kimi bu dəfə də düşmənə adekvat cavab verə bilər. Və, əlbəttə, bu cavab tədbirləri İrəvanı sülhə məcbur edəcək.

Fikrimcə, o qədər də uzaq olmayan bir vaxtda sülh sazişi imzalanacaq. Amma ondan əvvəl genişmiqyaslı döyüşlər olacaq- qarşı tərəf sülhə məcbur ediləcək, onu təxribata sövq edənlər reallıqla barışacaq, Azərbaycanın hərbi və diplomatik gücünü anlayacaq .

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş