“Azərbaycanda II Teknofest festivalında və Türkiyədə “Teknofest Karadenizde” festivalında gənc azərbaycanlı soydaşlarımızdan ibarət “Drone X” komandasının təqdim etdiyi dron bundan sonra “POLAD” adını daşıyacaq”. Məlumatı “Drone X” komandasının üzvləri veriblər. Newscenter.az-ın xəbərinə görə, onlar bildiriblər ki, dronun adı şəhid generalımız Polad Həşimovun adından götürülüb. Komanda üzvləri xüsusilə vurğulayıblar ki, komanda bu qərarı “Palmali” şirkətinin prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovun şəhidlərin xatirəsini daim uca tutmasından, onların adları ilə tankerləri adlandırmasından örnək götürərək bu addımı atıblar. “Beləliklə, şəhid generalımızın adını hər zaman uca göylərdə daşıyacağıq”,- deyə, “Drone X” komandasının üzvləri bildiriblər.
Qeyd edək ki, “Palmali” şirkətinin dəstəklədiyi “Drone X” komandası ötən gün Yıldız Texniki Universitetində keçirilən “Teknofest Karadeniz” festivalında dərəcə əldə etmiş komandaların təltif olunması və layihələrini təqdimetmə mərasimində iştirak edib. Bu mərasimdə “Drone X” komandası “POLAD” dronunu təqdim edib, Türkiyənin aparıcı media qurumlarından olan İlhas Haber Ajansı, Demirören Haber Ajansı və “Hürriyyet” qəzetinə işləri barədə müsahibələr veriblər.
Onu da xatırladaq ki “DroneX” komandası, bu il 9-14 avqust tarixləri arasında Kütahyada baş tutmuş Teknofest və Tübitak qürumları tərəfindən təşkil olunmuş “Uluslararası Serbest Görev İHA” yarışması kateqoriyasında 96 komanda arasından yarışmanı 3-cü olaraq bitirmişdir. Samsunda olan “Teknofest Karadeniz” festivalında bu uğurlarına əsasən, Selçuk Bayraktar, "Tübitak" prezidenti Hasan Mandal və bir çox qurumlardan olan dövlət adamları "DroneX" komandasının üzvlərini bürünc medalla təltif etmişdirlər.