Tarixə qısa bir nəzər salsaq görərik ki, 20-ci yüzillikdə dünyanın hərbi-siyasi və ideoloji səhnəsində bir neçə faşizm cərəyanları və yaxud növləri təzahür edib. Buna misal olaraq alman faşizmini, italyan faşizmini, yunan faşizmini, serb faşizmini və s. göstərmək olar. Qeyd etdiyimiz bu faşist hərəkatlar yüzminlərlə, milyonlarla insanın öz həyatını itirməsi ilə yadda qalıb. Ancaq birmənalı surətdə deyə bilərik ki, tarixdə ən qəddar faşizm növü kimi ilk növbədə məhz erməni faşizmi qeyd olunmalıdır. Bu acı həqiqəti isbatlamaq üçün sadəcə Xocalı soyqırımını göstərmək zənnimizcə kifayət edər.
Lakin təəssüflər olsun ki, ermənilərin xalqımıza qarşı milli ədavət və etnik nifrət zəminində törətdiyi vəhşiliklər, qətliamlar yalnız Xocalı qırğını ilə bitmir. Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərin sayı bir deyil, iki deyil. 1988-ci ilin fevral ayından etibarən Ermənistan SSR-nin Azərbaycan SSR-yə, 1991-ci ildə müstəqilliyin bərpasından sonra isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi müdaxiləsi nəticəsində son 34 il ərzində Azərbaycan dövlətinə və vətəndaşlarına qarşı çoxsaylı sülh və insanlıq əleyhinə hərəkətlər, müharibə cinayətləri törədilib.
Kərkicahan soyqırımı, Bağanis-Ayrım soyqırımı, Meşəli soyqırımı, keçmiş Ağdərə rayonunun Başgüneypəyə kəndində törədilmiş soyqırımı, Qaradağlı soyqırımı, Kəlbəcər rayonunun Başlıbel kəndində törədilmiş soyqırımı, Tunel qətliamı ermənilərin dinc insanlarımıza qarşı xüsusi amansızlığını dünyaya göstərmək üçün təkzibolunmaz faktlardır. Xocavənd rayonunun Edilli kəndində aşkar edilmiş kütləvi məzarlıq isə erməni faşizminin başqa bir təzahür formasıdır. Məzarlıqlarda tapılan cəsədlərin düzülüş vəziyyətləri onların qabaqcadan planlaşdırılmış qaydada, xüsusi qəddarlıqla öldürüldüklərini göstərir. Bundan əvvəl də bir neçə kütləvi məzarlıq aşkar edilib. Həmin məzarlıqlarda aşkar edilən cəsədlərin, sümük qalıqlarının hamısının üzərində zorakılıq əlamətləri diqqəti cəlb edir.
Bütün bunlar Ermənistan silahlı qüvvələri və terror dəstələri tərəfindən həm mülki şəxslərimizə, həm də hərbi əsir və girovlarımıza qarşı törədilmiş işgəncələri təsdiqləyir. Ermənilərin törətdiyi bu vəhşiliklər beynəlxalq konvensiyalara əsasən silahlı münaqişələr zamanı tətbiq olunan humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır. Qeyd etdiyimiz bu müharibə cinayətlərini vaxtilə Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan, Arkadi Qukasyan, Vitali Balasanyan, Samvel Babayan kimi səhra komandirləri, hərbi canilər törədiblər. Lakin keçmiş Yuqoslaviyada Slobodan Miloşeviç, Radovan Karaciç kimi qatillərin boşnaklara, xorvatlara qarşı qəddar davranışlarını cəzasız qoymayan dünya birliyi, azərbaycanlılara qarşı törədilən erməni vəhşiliklərinə isə həmişə seyrçi qalıb, müəmmalı şəkildə göz yumub, görməzdən gəlib. Erməni faşizminin tüğyan etməsi nə BMT-ni, nədəki ATƏT-i zərrə qədər də narahat etməyib. Onlar sadəcə bəyanatlar və qətnamələr qəbul etməklə öz missiyalarını bitmiş hesab ediblər.
Bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşelərinin Xocavənd rayonunun Edilli kəndində aşkarlanmış növbəti kütləvi məzarlığa baş çəkmələri öz-özlüyündə təqdirəlayiq haldır. Lakin o attaşelər bu gün sözügedən kütləvi məzarlıqda gördükləri dəhşətli mənzərəni lazımi səviyyədə işıqlandırıb öz ölkələrinin və dünya birliyinin diqqətini bu vəhşiliyə cəlb edə biləcəkmi? Ümid edək ki, onlar dünyanın yatmış vicdanına təsir göstərməyi, onu oyatmağı bacaracaqlar. Edilli kəndində azərbaycanlılara məxsus kütləvi məzarlığın tapılmasını dəhşətli hadisə kimi qiymətləndirən Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun vitse-prezidenti, deputat Jerom Lamberkimi obyektiv, ədalətli şəxslərin üzərinə də bu aralar erməni faşizmini ifşa etmək üçün böyük yük, böyük məsuliyyət düşür. Ona görə məsuliyyət deyirik ki, çünki irqçi-terrorçu siyasət yürüdən Ermənistan rəhbərliyini dəstəkləyən ölkələrin başında dayananlardan biri də Fransadır. Jerom Lamber kimi siyasətçilər təkcə erməni faşizmini deyil, həm də Fransanın ermənipərəst siyasətini ifşa etməlidirlər.
Biz Milli Həmrəylik Partiyası olaraq dünyanın bütün ədalətli, vicdanlı, sülhsevər şəxslərini Ermənistan dövlətinin təcavüzkar siyasətinə “dur” deməyə, erməni faşizminin nəinki Cənubi Qafqaz, bütün bəşəriyyət üçün ciddi təhlükə mənbəyi olduğunu nəzərə almağa, xarici KİV-i erməni müharibə canilərinin azərbaycanlılara qarşı törətdiyi soyqırımlarının əyani təsdiqi olan kütləvi məzarlıqları dünyanın gündəminə daşımağa çağırır, bu qətliamları törədənlərin isə cəzalandırılmasını tələb edirik. Faşizmə qarşı mübarizə aparmaq hər bir insanın borcudur. Bu gün faşizmə qarşı birgə mübarizə aparılmasa, sabah faşizm hər kəsin həyatı üçün real təhlükəyə çevrilə bilər!
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri