Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Birləşmiş Ərəb Əmirliyinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi arasında görüş keçirilib.
Newscenter.az xəbər verir ki, qonağı salamlayan Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Görüş zamanı qonağa, həmçinin Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri, elektron hökumətin inkişafı, sosial innovasiyalar sahələrində həyata keçirilən işlər, "ABAD" publik hüquqi şəxsin nailiyyətləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, bu günədək 56 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.
Səfir “ASAN xidmət” modelinin onda böyük təəssürat yaratdığını vurğulayıb.
Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.