Milli Məclisin deputatı Rüfət Quliyev seçiciləri ilə növbəti görüşünü keçirib. Millət vəkilinin Seçki Qərargahından Newscenter.az-a daxil olan xəbərə görə, əvvəlcə Rüfət Quliyev Lənkəran rayonu Nərimanabad kəndinin sakini, ermənilərin sentyabrın 12-13-də həyata keçirdikləri son təxribatı zamanı şəhid olmuş Əhədzadə Xəyal Əlövsət oğlunun valideynləriylə görüşüb. Millət vəkili şəhid ailəsinin qayğıları ilə maraqlanıb. Rüfət Quliyev bildirib ki, şəhid ailələri, qazilər, ümumən Qarabağ müharibəsi iştirakçıları hər zaman dövlətin, şəxsən dövlət başçısının diqqətindədir, bu kateqoriyadan olan insanlara dövlət tərəfindən bütün mümkün köməkliklər göstərilir. Rüfət Quliyev onu da deyib ki, eyni zamanda hər bir dövlət məmuru, mərkəzi və yerli icra hakimiyyətlərinin rəsmiləri, millət vəkilləri, ümumən hər bir vətəndaş şəhid ailələri, qazilərə böyük hörmət və ehtiramla yanaşmalı, əllərindən gəldiyi qədər onların qayğısına qalmalıdır.
Şəhid valideynləri ilə görüşdən sonra millət vəkili Lənkəran şəhərindəki deputat ofisində seçicilərlə görüş keçirib. Ayrı-ayrı təbəqqələrdən olan seçicilər, eyni zamanda müharibə iştirakçılarının iştirak etdiyi görüşdə Rüfət Quliyev dövlətimizin sosial siyasətindən, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan, icra edilən sosial layihələrin geniş miqyas almasından bəhs edib.
Millət vəkili seçicilərlə keçirdiyi görüşün məqsəd və mahiyyətindən danışaraq bildirib ki, müntəzəm olaraq təşkil edilən görüşlərdə əsas məqsəd seçicilərin problemlərini öyrənmək, həmin problemlərin həllinə yardımçı olmaqdır: "Əgər seçicimin qaldırdığı problem o qədər də ciddi deyil və mənim həll edə biləcəyim səviyyədədirsə, o halda bir telefon zəngi ilə həmin problemi həll edirəm. Lakin elə məsələlər olur ki, onların həlli məndən asılı deyil və belə olan halda həmin problemin həlli üçün müvafiq dövlət qurumlarına, yerli icra hakimiyyətinə yazılı şəkildə müraciət edirəm".
Rüfət Quluyev hətta Lənkənara qonaq gələn paytaxt sakini, yaxud digər rayonlardan olan şəxslərin də qəbul günü onunla görüşmək imkanı əldə etdiklərini söyləyib: "Ən son qəbulda paytaxt sakini də iştirak edirdi və bildirdi ki, Lənkərana səfəri zamanı mənim qəbul keçirdiyimi eşidib və qəbulda iştirak edib. Həmin vətəndaşın əsas şikayəti zibil tullantılarının daşınması üçün nəzərdə tutulan puldan artıq vəsaitin toplanması ilə bağlı idi. Mən də öz növbəmdə həmin paytaxt sakininin təqdim etdiyi sənədləri götürüb problemi dərindən öyrənmək və bundan sonra müvafiq addımlar atmağı nəərdə tuturam. Onu da deyim ki, bu ilk belı hal deyil və müntəzəm olaraqdigər rayonlardan olan sakinlər də istər qəbula gəlir, istərsə də şəhərdə, küçədə mənə yaxınlaşaraq öz problemini dilə gətirir. Ancaq mən də ilk növbədə onların diqqətinə çatdırıram ki, sizin öz deputatınız var və onun başının üzərindən mənim hansısa məsələyə müdaxilə etməyim etiuk qaydalara ziddir".
Qeyd edək ki, millət vəkilinin seçiciləri qəbulu zamanı sakinləri narahat edən problemlər dinlənilib və qeydiyyata alınıb. Müraciətlərdən bir neçəsi yerindəcə həllini tapıb, qalan müraciətlərin həlli ilə bağlı aidiyyatı qurumlara müraciət ediləcəyi bildirilib. Seçicilər səmimi qəbula görə Milli Məclisin deputatı Rüfət Quliyevə minnətdarlıqlarını bildirib və müraciətlərinin qısa zamanda öz həllini tapacağına əminliklərini ifadə ediblər