Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Moldova Respublikası Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spinu ilə görüşüb.
Newscenter.az xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Moldova arasında tərəfdaşlıq münasibətlərindən bəhs edilib. Dünən Bakıda keçirilən Azərbaycan-Moldova Hökumətlərarası Komissiyasının növbəti iclasının uğurla keçirildiyi bildirilib, iclasın yekunlarına dair imzalanmış protokolda iki ölkə arasında digər sahələrlə yanaşı, energetika sahəsində də əlaqələrin yeni istiqamətlər üzrə genişləndirilməsinin əks olunduğu qeyd edilib. Bu sənədin Azərbaycan və Moldova arasında enerji sektorunda əməkdaşlığın inkişafına təkan verəcəyi vurğulanıb.
Görüşdə Azərbaycan ilə Moldova arasında qaz təchizatı imkanları, Moldovanın hazırda üzləşdiyi enerji böhranı dövründə enerji təhlükəsizliyinin təmin olunması üzrə perspektiv həllər müzakirə edilib.
Həmçinin Avropaya elektrik enerjisinin ixracı, Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsi barədə məlumat verilib, elektrik enerjisi sahəsində birgə layihələrin inkişafı, eləcə də digər ikitərəfli əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.
Sevinc