Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: “Ermənistanın müharibə cinayətlərinə münasibətdə Qərbin susqunluğu təəssüf doğurur”

Könül Nurullayeva: “Ermənistanın müharibə cinayətlərinə münasibətdə Qərbin susqunluğu təəssüf doğurur”


İkinci Qarabağ savaşı dövründə Ermənistan müharibə cinayətlərini ən iyrənc formada davam etdirirdi. Müharibə zonasından kilometrlərlə uzaq məsafədə yerləşən, Azərbaycanın ikinci böyük şəhəri - Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalandı. Şəhərə ümumilikdə atılan 13 raketdən 8-i partlayaraq insanların həyatına son qoydu. İki il əvvəl - oktyabrın 11-i gecə saatlarında da Gəncə artıq 4-cü dəfə qadağan olunmuş silahlardan atəşə tutuldu. Dinc əhalini yatdığı yerdə hədəf almaq Ermənistanın terrorçu mahiyyətini bir daha təsdiqləyirdi. Uşaqlar, qadınlar, yaşlı insanlar gecə saatlarında qətlə yetirildi. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu. Bu hadisələr zamanı 3 ailənin üzvü olan 4 uşaq hər iki valideynini itirib. Bu, 1992-ci ilin soyuq fevralında dinc əhalinin qətlə yetirildiyi Xocalı soyqırımının davamı idi.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili bildirib ki, Ermənistan bu müharibə cinayətləri ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozub:

"Bu cinayətlər bəzi insan haqları təşkilatlarının hesabatlarında əks olunsa da son iki ildə hadisəyə hüquqi-siyasi qiymət verilməyib. Azərbaycanın dəvətlərindən sonra müharibənin gedişi zamanı bölgəyə gələn Human Rights Watch təşkilatının nümayəndələrinin “Ermənistanın Azərbaycana qarşı qanunsuz raket zərbələri” adlı məruzəsində deyilirdi: “2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş müharibə zamanı Ermənistan hərbi qüvvələri qeyri-qanuni olaraq kasetli silahlardan istifadə ediblər. Hərbçilər və mülki əhali arasında fərq qoymadan hər kəsi öldürüblər. Noyabr ayında hadisə yerlərini araşdırmış HRW ekspertləri Ermənistan silahlı qüvvələrinin ballistik raket və iri kalibrli artilleriya silahlarından istifadə etdiyini göstərən 11 insidenti sənədləşdiriblər. Ən azı dörd ayrı hadisə zamanı mülki şəxslərin və ya mülki obyektlərin raket hücumuna məruz qaldığı aşkarlanıb”.

Könül Nurullayevanın sözlərinə görə, "Amnesty International"ın 44 günlük müharibə dövründə mülki əhaliyə qarşı hücumlarla bağlı hesabatında bildirilir ki, təşkilat tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və kəndlərinə endirdiyi, ümumilikdə 72 mülki vətəndaşın ölümünə səbəb olan səkkiz zərbə sənədləşdirilib:

“Sentyabrdan noyabradək davam edən 44 günlük müharibə dövründə Ermənistan tərəfi beynəlxalq humanitar hüququ pozaraq mülki əhalini də hədəf alıb və bu, çox sayda günahsız insanların ölümü ilə nəticələnib”. Müharibədən sonra Gəncəyə gələn xarici jurnalistlər, diplomatik korpus nümayəndələri buradakı cinayətin izlərini yerində görüb, zərərçəkənlərlə ünsiyyət imkanı qazanıblar. Onlara da aydın olur ki, Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində təkcə öz torpaqlarını işğaldan azad etməyib, həm də erməni faşizmi və terrorunu məhv edib.
Lakin görmək, tanış olmaq azdır. Ermənistanın müharibə cinayətlərinə münasibətdə Qərbin susqunluğu təəssüf doğurur. Ötən il 2 ərzində Ermənistanda müharibə cinayətkarlarından 1 nəfərin belə mühakimə olunmaması ikili standartlar siyasətinin göstəricisidir. 30 illik işğal dövründə Ermənistanın cəzasız qalması bu ölkənin daha da azğınlaşmasına səbəb oldu. Bu gün Ukraynada baş verən böhrana dərhal reaksiya verən Qərb Ermənistanın müharibə cinayətlərini cəzasız buraxmaqla qeyri-obyektivliyini nümayiş etdirir".

Ruhiyyə
Xəbəri paylaş