Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Şəhərsalma Forumu işğaldan azad edilən ərazilərimizdə yeni bir həyatın başlanmasına gətirib çıxaracaq

Milli Şəhərsalma Forumu işğaldan azad edilən ərazilərimizdə yeni bir həyatın başlanmasına gətirib çıxaracaq


“Bu günlərdə Ağdam rayonunda keçirilən Milli Şəhərsalma Forumu işğaldan azad edilən ərazilərimizdə yeni bir həyatın başlanmasına, bu ərazilərdə quruculuq-abadlıq işlərinin daha geniş vüsət almasına gətirib çıxaracaq”.

Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisad elmləri üzrə fəlsəfə doktoru, "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İqtisadçı qeyd edib ki, forumun məhz Ağdam rayonunda keçirilməsi də təsadüfi deyildi:

“Çünki Ağdam rayonu işğal dövründə ən çox erməni vandalizminin qurbanına çevrilib. Burada demək olar ki, erməni vandalları daşı daş üstündə qoymayıblar. Şəhər tamamilə dağıdılıb. Təsadüfi deyil ki, rayon işğaldan azad edildikdən sonra ora səfər edən xarici ölkələrin media nümayəndələri Ağdamda gördüklərindən dəhşətə gəlmiş və buranı Qafqazın Xirosiması adlandırmışdılar”.

Arzuman Muradlı deyib ki, Milli Şəhərsalma Forumu xarici sərmayədarların, iş adamlarının işğaldan azad edilmiş şəhər və rayonlarımıza investisiya yatırması baxımından da əhəmiyyətlidir:

“Forum iştirakçılarına işğaldan azad edilmiş şəhər və rayonlarımızdakı vəziyyət, həmin ərazilərin mövcud imkanları, orada hansı sahələri inkişaf etdirməyin mümkünlüyü barədə məlumat xarakterli bilgilər verilib ki, bu da heç şübhəsiz xarici investorlar üçün maraq kəsb edəcək və onlar işğaldan azad edilən ərazilərimizə investisiya qoymaq barədə düşünəcəklər”.

Arzuman Muradlı bildirib ki, forum işğaldan azad edilmiş ərazilərdə müxtəlif sahələrin inkişaf etdirilməsinə də imkanlar açacaq, bölgənin yerli və xarici investorların investisiyaları hesabına sürətli şəkildə müsbət istiqamətdə dəyişməsinə, təkcə Azərbaycan deyil, ümumən dünya üçün cəlbedici bir məkana çevrilməsinə təkan verəcək.

Mehman
Xəbəri paylaş