Azərbaycanın Qarabağ regionunda yaşayan bəzi ermənilər Robert Köçəryan-Serj Sərkisyan bandasının revanşist çağırışlarının təsiri altına düşərək "Biz Azərbaycan vətəndaşı deyilik" şüarı ilə aksiyalar keçirməyə çalışırlar. Təəssüf ki, istər Ermənistanın siyasi elitasında, istərsə də Xankəndidəki ermənilər arasında adekvat düşünən, yeni hərbi-siyasi reallıqları qəbul edən, qondarma "dqr"in müstəqilliyinin mümkün olmadığı faktı ilə barışan realist, sağlam düşüncəli ermənilərin sayı potensial qüvvə kimi qəbul ediləcək həddə deyil.
Əgər onların sayı arzuolunan səviyyədə olsaydı, heç olmasa, onlar özlərini Azərbaycan vətəndaşı hesab etməyən və yaxud etmək istəməyən inkarçı-radikal soydaşlarına düzgün yol göstərər, Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycan qanunları ilə yaşamaqdan başqa daha yaxşı alternativlərinin olmadığını revanşist soydaşlarına başa salardılar.
Onsuz da onlar Azərbaycan torpağında, Xankəndidə başqa qanunlarla yaşamağın mümkünsüzlüyünü tez ya gec dərk edəcəklər. Əks təqdirdə isə, biz günün birində onlara deyəcəyik ki, madam ki, özünüzü Azərbaycan vətəndaşı hesab etmirsinizsə, o zaman Azərbaycan torpağında nə işiniz var?
Xankəndidə və digər ərazilərimizdə yaşayan heç bir erməni rəsmi İrəvanın və yaxud, böyük dövlətlərin onlara sahib çıxacağına və Azərbaycan torpaqlarında qanunsuz yaşamalarına şərait yaradacağına ümid bəsləməməlidir. Bu mümkün deyil. Prezident İlham Əliyev də son çıxışlarında bu məsələyə dəfələrlə aydınlıq gətirib və birmənalı surətdə bildirib ki, "Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik".
Cənab Prezident bu fikri Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında səsləndirdi. Lakin bir gün sonra (oktyabrın 6-da) dövlət başçımız Praqada Azərbaycan televiziya kanallarına müsahibəsi zamanı yenidən bu məsələyə qayıtdı və bir daha altını cızaraq vurğuladı ki, "Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını hər hansı bir ölkə ilə, o cümlədən Ermənistanla müzakirə etmək fikrində deyilik".
Vəssalam, bununla da Azərbaycan tərəfi bu məsələyə ən yüksək səviyyədə nöqtə qoydu, mövzu qapandı. İndi də seçim ermənilərindir. Ya onlar Azərbaycan vətəndaşlığını qəbul edib bütün azərbaycanlılarla eyni hüquqlara malik vətəndaşlarımız kimi yaşayacaqlar, yadaki kim istəmir, buyurub ərazilərimizi tərk edə bilər.
Baxın, məsələ bu qədər aydın və konkret şəkildə qoyulub. Bu da ondan ötrüdür ki, 30 ildir Xankəndidə və ətraf ərazilərdə davam edən separatçılığa, özbaşınalığa, anarxiyaya, terror təhdidlərinə nəhayət ki, son qoyulsun. Azərbaycan öz daxilində dərəbəylik və bölücülük, separatçılıq hallarının hökm sürdüyü ərazilərin mövcudluğu ilə barışmaq fikrində deyil. Tezliklə Xankəndidə də Azərbaycanın suverenliyi, yurisdiksiyası bərpa olunacaq.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri