“ Təxminən 30 ilə yaxın zamanda tarixi torpaqlarımız işğal altında idi. Bu müddət ərzində mənfur düşmən bizə aid olan bütün tarixi izləri silmək siyasəti yürütmüş, bu məqsədlə Azərbaycanın mədəniyyət beşiyi olan Qarabağda daşı daş üstə qoymamışdır”
Bunu Newscenter.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətində mədəni irsimizin dağıdılması xüsusi yer tutur. Bunun nəticəsidir ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın tarixi-mədəni sərvətlərinə də böyük ziyan dəymişdir. İşğaldan azad olunmuş ərazilərimizdə nadir fauna və floraya malik meşə sərvətləri, çox qiymətli su mənbələri vardır. Ermənilər işğal etdiyi ərazilərdə 30 illik işğal dövründə bu qiymətli sərvətləri amansızcasına dağıtmış, Ermənistana daşımış, daşınması mümkün olmayanları isə məhv etməklə ekologiyaya ciddi ziyan vurmuşlar. Ermənistan tərəfindən abidələrimizə qarşı həyata keçirilən bu siyasət UNESCO-nun "Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında 1972-ci il Konvensiyası"na ziddir. Ermənistan Azərbaycanın qədim tarixi-mədəni irs mərkəzi olan Gəncə şəhərinə raket zərbələri endirməklə nəinki Azərbaycanın, eyni zamanda türk dünyasının mədəni irsini, ümumbəşəri dəyərlərini hədəf alaraq vandalizm siyasətini davam etdirmişdir. Bəli, işğaldan azad edilmiş ərazilər erməni vandalizminin canlı şahididir.
Azərbaycan hər zaman Ermənistanın törətdiyi cinayətlər haqqında müvafiq beynəlxalq təşkilatları məlumatlandırır. Dövlətimiz erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlərini sistemli şəkildə davam etdirir. Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda çıxışları zamanı, xarici KİV-lərə müsahibələrində bu barədə ətraflı məlumatlar verir. Eyni zamanda, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə önəmli layihələr həyata keçirir. Azərbaycan xalqı dünyanın ən zəngin mədəni irsə sahib olan xalqlarından biridir. Bu zənginliyi əsrlərdən ötüb gələn tarixi, mədəni və dini abidələrimiz də özündə əks etdirir, amma təəssüflər olsun ki, mənfur qonşularımız olan ermənilər hər fürsətdə bizim tarixi keçmişimizə əl uzatmağa çalışıb, bir sıra milli adətlərimizi özününküləşdirməyə çalışıb, ərazilərimizdəki qədim alban-xristan abidələrini erməni “irsi” kimi təqdim etməyə cəhd edib.
Rəşadət Xalıqov eyni zamanda diqqətə çatdırıb ki, hazırda həmin ərazilərə mütəmadi olaraq xarici diplomatlar, əcnəbi qonaqlar, media təmsilçiləri, ictimaiyyət nümayəndələri üçün səfərlərin təşkil olunmasında da məqsəd erməni vandalizmini daha böyük formatda dünya ictimaiyyətinin diqqətinə çatdırnaqdır. Bu yolda lazım olan bütün tədbirlər həyata keçirilir.
Əmin ola bilərik ki, Ermənistan hərbi-siyasi rəhbərliyi Azərbaycan xalqına məxsus tarix və mədəniyyət abidələrinin dağıdılması, mənimsənilməsi və öz tarixi təyinatına uyğun olmayan şəkildə istifadəsinə görə məsuliyyətə cəlb olunacaq və layiqli cəzasını alacaq.
Ruhiyyə