Azad Vətən Partiyası Fransa prezidenti Emmanuel Makronun Azərbaycana qarşı son açıqlamaları ilə bağlı sərt bəyanat verib.
Newscenter.az-a partiyadan daxil oln bəyanatda göstərilir:
“Fransa prezidenti Emmanuel Makron həm dövlətlər arası münasibətlər, həm diplomatik etiketləri kobud şəkildə pozaraq, Azərbaycan- Ermənistan münasibətləri ilə bağlı qərəzli və saxta məlumatlara əsaslanan açıqlamalar verib. Biz Fransa prezidentinin bu hərəkətini qəti şəkildə pisləyir və ittiham edirik.
Partiya hesab edir ki, Fransa rəhbərinin açıqlamaları qətiyyən həqiqətə uyğun deyil, reallığı, Azərbaycanla Ermənistan arasındakı münasibətləri əks etdirmir:
"Bis hesab edirik ki, Makron və onun kimilərin bu bəyanatlarının heç bir real təsir imkanları yoxdur, ancaq söz olaraq qalır, amma bu və ya digər ölkənin regiondakı vəziyyətə münasibəti baxımından diqqəti cəlb edir. Makron və onun ölkəsi Avropada, o cümlədən bizim regionda hadisələrin gedişinə heç bir təsir imkanlarına malik deyil. Amma Azərbaycan bütün dövlətlərlə, o cümlədən Fransa ilə xoş münasibət saxlamağa çalışır və əks tərəfdən də uyğun münasibəti gözləyir. Fransa rəhbərliyi bu addımla həm Azərbaycanın və Ermənistanın regionda mövqeyi ilə bağlı,vhəm müəyyən beynəlxalq təşkilatların ayrı-ayrı dövlətlərin iştirakı ilə regionda gedən sülh prosesi ilə bağlı faktları kobud şəkildə təhrif edir və açıq şəkildə ermənipərəst mövqedən çıxış edir. Hesab edirik ki, Fransa rəhbərliyi bu şəkildə məsələlərə müdaxilə etməməlidir".
Azad Vətən Partiyası bəyan edir ki, Azərbaycana qarşı bu cür qərəzli mövqedən çıxış etməməlidir:
"Əgər Fransa öz mövqeyini açıq şəkildə ortaya qoyursa, konkret olaraq antiazərbaycan mövqeyi tutursa, Azərbaycan da bu açıqlamalara uyğun olaraq mövqe sərgiləməlidir. Dəfələrlə Fransa hökuməti bu cür qərəzli mövqedən çıxış edib, hər dəfə Azərbaycan rəhbərliyi beynəlxalq münasibətlərə, normalara riayət edərək münasibətləri saxlamağa çalışıb, amma artıq açıq şəkildə Fransanın mövqeyi ortadadırsa, Azərbaycan sərt mövqedən çıxış etməli, Fransa ilə siyasi, iqtisadi, mədəni, diplomatik sahələrdə münasibətlərinə yenidən baxmalı və radikal addımlar atmalıdır. Hesab edirik ki, Azərbaycan Fransa ilə diplomatik münasibətləri dayandırmalı, Fransa hökumətindən öz mövqeyində düzəliş etməsini, Azərbaycana qarşı qərəzli mövqeyinə son qoymasını tələb etməlidir. Yalnız bundan sonra Fransa ilə normal münasibətlər bərpa oluna bilər".
Anar