“2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdi. Həmin tarixdə keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu cənab İlham Əliyevə səs vermişdi. Beləliklə, Azərbaycan cənab xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Prezident seçilən cənab İlham Əliyev isə həmin ildə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdi. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 19 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olundu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirildi və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edildi. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir”.
Bunu Newscenter.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbayca xalqı 19 il öncə cənab İlham Əliyevi Prezident seçməklə Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi, sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə Heydər Əliyev siyasətinə alternativin olmadığını göstərdi: “Həmin dövrdə Prezident İlham Əliyev beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozdu. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. Prezident İlham Əliyev islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı. Bu hücuma qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə sipərini çəkdi. Prezident İlham Əliyev “neft kapitalını insan kapitalına çevirək” şüarı ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirdi və bununla da Azərbaycanın gələcək inkişafını təmin etdi”.
“Azərbaycanın siyasi sisteminə rasional siyasi davranış modeli, siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirən, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim edən Prezident İlham Əliyevin dövlət siyasətin mərkəzində hər zaman Azərbaycan vətəndaşı dayanır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Prezident İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur.
Ramil Vəlibəyov diqqətə çatdırıb ki, Azərbaycançılıq fəlsəfəsini siyasətinin mənəvi dayağına çevirən Prezident İlham Əliyevin fəaliyyəti müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Bütün bunlarla yanaşı həyata keçirilən rasional siyasət siyasi plüralizmin formalaşmasına, demokratik dəyərlərə və milli həmrəyliyə əsaslanan yeni siyasi konfiqurasiyanın yaranmasına, Azərbaycanın Avrasiya geosiyasi məkanında aparıcı aktora çevrilməsinə, Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün qlobal işbirliyinin ərsəyə gətirilməsinə, “Böyük qayıdış”ın başlanmasına səbəb oldu.
Ruhiyyə