Xalqın böyük tarixi şəxsiyyət Heydər Əliyevi təkidlə hakimiyyətə çağırması, Ulu öndərin xalqın bu çağırışını qəbul etməsi Azərbaycanın dövlətçiliyini labüd süqutdan xilas etdi. Böyük tarixi şəxsiyyətin siyasi dühasının nəticəsi olaraq dünya dövlətləri Azərbaycanla bütün sahələr üzrə əlaqələr yaratmağa, yaranmış əlaqələri inkişaf etdirməyə maraq göstərdilər. Azərbaycanın iqtisadi inkişafını müəyyənləşdirən ikitərəfli, çoxtərəfli müqavilələr imzalandı.
Böyük tarixi şəxsiyyət həmişə Azərbaycanın gələcəyini düşünürdü. 2003-cü il oktyabrın 1-də xalqa müraciəti də bunun təsdiqi idi. Ulu Öndər bu müraciətdə özünün prezidentliyə namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu müraciət xalqın Azərbaycana, azərbaycançılığa sevgisini ümumiləşdirdi. Xalq böyük tarixi şəxsiyyətin dediklərini Azərbaycanın gələcəyi naminə aqil tövsiyəsi bildi və seçkilərdə Ulu Öndərin namizədi – siyasi varisi cənab İlham Əliyev seçicilərin 76 faizindən çoxunun səsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, Ulu Öndərə sevginin, onun siyasi varisinə inamın, etibarın nəticəsi idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük tarixi şəxsiyyət Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdi. Bunun nəticəsi olaraq Azərbaycanın dövlət müstəqilliyi, dövlətçiliyin ideoloji dayaqları daha da möhkəmləndi, ölkədə Azərbaycan naminə vətəndaş həmrəyliyi dönməzləşirdi, Azərbaycanın milli maraqları Ulu Öndərin tövsiyələri əsasında daha böyük sevgilərlə qorundu. Dünyəvi siyasətə inteqrasiya Azərbaycana maraqları artırdı, dünya dövlətlərinin Azərbaycanla münasibətlərinin coğrafiyasını genişləndirdi.
İqtisadi inkişaf, müəyyən mənada, həm də siyasi əlaqələrlə müəyyənləşir. Dünya dövlətlərinin Azərbaycana münasibətinin yaxşılaşması dünyəvi siyasətin nəticəsi idi və bu siyasət iqtisadi inkişafı da şərtləndirirdi. Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun da dinamik inkişaf etdirilməsi ilə bağlı bir sıra mühüm tədbirlər həyata keçirildi ki, bunlar da iqtisadiyyatın davamlı inkişafında kifayət qədər əhəmiyyətli oldu. Bununla bir sırada nəhəng infrastruktur layihələri həyata keçirilməyə başladı. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi.
Ulu Öndər idmanın inkişafına ciddi diqqət yetirirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həm respublika Olimpiya Komitəsinin sədri kimi, həm də respublika Prezidenti kimi bu sahədə də qlobal tədbirlərin gerçəkləşməsinə həm sosial, həm siyasi, həm də iqtisadi şərait yaratdı. Respublikada Olimpiya hərəkatı vüsət aldı. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasının başlıca təminatçısı oldu. Bununla bir sırada ölkədə yüzlərlə səhiyyə ocağı, müalicə-diaqnostika mərkəzi inşa edildi, səhiyyə sisteminin inkişafını təmin edən tədbirlər görüldü, minlərlə məktəb tikildi, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirildi.
Azərbycan neft ölkəsi kimi tanınırdı və bu sahə üzrə kifayət qədər uğurlar qazanmışdı. “Əsrin müqaviləsi” bu uğurları böyük etimadla ümumiləşdirirdi. Neft-qaz sahəsində qazanılan uğurlar dünya dövlətlərinin Azərbaycnla iqtisadi əlaqələr qurmasının başlıca istiqamətini müəyyənləşdirirdi. Azərbaycan Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə oldu. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələr gerçəkləşdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təkcə Azərbaycan üçün deyil, dünyəvi siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən, siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demokratiyanın dünyəvi modelinə yeni anlam, yeni yanaşma da gətirdi, bu anlam, bu yanaşma həm də milli mədəniyyətimizi, mentalitetimizi, müsəlman sosial-psixoloji kimliyimizi əhatələyən bir dəyər, bir yaşam tərzi oldu. Dünyəvi siyasətin ehtiramla hesablaşdığı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdıra bildi. Bunu dünyəvi siyasət də səmimiliklə etiraf edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır”. Bu inam, bu qürur hər bir azərbaycanlının, Azərbaycanı sevənlərin qürurudur.
Azərbaycanda kəsilməzliklə həyata keçirilmiş irimiqyaslı islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirdi, Azərbaycan Cənubi Qafqazda güclü dövlət oldu. Bu, Azərbaycanın apardığı ədalətli müharibədə-İkinci Qarabağ müharibəsində Zəfər qazanılmasına güclü zəmin yaratmışdı. Bu Zəfər işğalı sonlandırdı. Bu Zəfər həm də Cənubi Qafqazda bir terror şəbəkəsinin dağıdılmasında əhəmiyyətli vasitə oldu.
Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafının təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə əksini tapıb. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Bu siyasətin ən önəmli istiqamətlərindən biri ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Cəmiyyətin demokratik prinsiplər əsasında, milli dəyərlərə sədaqət ruhunda inkişafı bilavasitə gənclər siyasətilə bağlıdır. Bu siyasət dövlətin daxili siyasətinin başlıca tərkib hissələrindən biridir və müntəzəm olaraq təkmilləşdirilir, yeniləşdirilir. Ona görə də gələcəyə hesablanmış bu siyasət uğurlar gətirir. Ulu Öndərin böyük qüvvə adlandırdığı gəncliyin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental amillərdən biri oldu. Respublikada gənclərin potensialının sosial həyata inteqrasiyası, gənclərin vətənpərvər, savadlı kadr kimi formalaşması, gənc ailələrin sosial təminatının yüksəlməsinə yönələn tədbirlər gənclər siysətinin başlıca istiqamətlərini müəyyənlşdirir. Bunlar gənclərin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaratdı. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsidir ki, Azərbaycan gəncliyi bu səviyyədə formalaşıb.
6 noyabr 2005-ci il, 7 noyabr 2010-cu il, 1 noyabr 2015-ci il və 9 fevral 2020-ci il tarixlərində keçirilmiş parlament seçkiləri ölkədə təkamül yolu ilə demokratik ənənələrin formalaşması prosesinin mühüm tərkib hissəsidir. Azərbaycanın müstəqil parlamentarizm tarixində ilk dəfə olaraq 2020-ci ildə müxalif siyasi partiyalar qanunvericilik orqanının rəhbərliyində təmsil olunublar. Milli Məclisin sədr müavini, komitə sədri və sədr müavinləri vəzifəsinə müxalif siyasi partiyaların nümayəndələri seçilmişlər. 11 siyasi partiyanın (Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Böyük Qurtuluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Vəhdət Partiyası, Birlik Partiyası, Real Partiyası, Milli Cəbhə Partiyası) VI çağırış Milli Məclisdə təmsil olunması bilavasitə ölkədə yaşanan demokratik münasibətlərin təzahürüdür.
2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumunun nəticələrinə görə ölkədə Birinci vitse-prezidentlik institutu yaradıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu. Birinci vitse-prezidentlik institutunun təsis olunması dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edən mühüm yenilikdir. Dövlət idarəçiliyində funksional vahid kimi Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın müasir demokratik imicinin göstəricisi kimi tarixləşdi və siyasi baxımdan da, iqtisadi inkişaf baxımından da səmərəsi etiraf edilməkdədir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti dövlət idarəçilik sistemini daha da təkmilləşdirir, peşəkarlıq amilinin aktuallığını daha da artırır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə torpaqlarımız işğaldan azad edildi. Düşmən işğal müddətində şəhərlərimizi, qəsəbələrimizi, kəndlərimizi dağıdıb. Azərbaycanda böyük quruculuq işlərinə başlanılıb. İkinci Ağalı kəndi yenidən quruldu, əhali kəndə köçdü. Quruculuq işləri böyük miqyasda, böyük məsuliyyətlə, müasirliyə əsaslanmaqla aparılır. Yaxın vaxtlarda işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa başlanılacaq.
Böyük Qayıdış təkcə Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarımıza qayıdışını da əhatə edəcəkdir. Zəfərdən sonra Qarabağın bərpası və inkişafını əhatələyən Böyük Qayıdış strategiyası regionu yeni inkişaf modelinə çevirəcəkdir.
İrimiqyaslı infrastruktur layihələr icra olunmaqdadır. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib. Oktyabr ayında Zəngilan Beynəlxalq Hava Limanının açılması və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlanacaq. İşğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerjinin potensialı on min meqavat təşkil edir. Artıq bir neçə su elektrik stansiyasının açılışı baş verib. Su elektrik enerjisinin ümumi gücü beş yüz meqavatdan çox olacaq. Yerdə qalan güc isə günəş və külək elektrik enerjisindən qaynaqlanacaq. Bu ərazi nəinki təkcə işğal illərində Azərbaycanın müxtəlif bölgələrində yaşamaq məcburiyyətində qalan insanları bir araya gətirəcək, eyni zamanda, gələcəkdə Azərbaycanın iqtisadiyyatı üçün aparıcı qüvvə olacaqdır.
“Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır” – Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev. Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası məqsədilə 7 iyul 2021-ci il tarixində imzalanmış Fərman Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsünü müəyyən etdi və bununla da regionun yeni iqtisadi və siyasi reallığı rəsmiləşdirildi.
Cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi müasir Azərbaycanın nəinki bu gününün, həm də işıqlı sabahlarının tarixidir.
Səbinə Xasayeva-Milli Məclisin deputatı