Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir-İQBAL MƏMMƏDOV

Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir-İQBAL MƏMMƏDOV



Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren dövlətinə çevrilib.

Newscenter.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İqbal Məmmədov deyib.

Deputat qeyd edib ki, 2003-cü ilin oktyabr ayının 15-də keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verərək ölkəmizin bugünkü möhtəşəm uğurlarına imza atmış oldu. "2003-cü ilin oktyabr ayının 15-də seçkilərdə iştirak edən vətəndaşlarımızın 76 faizindən çoxu İlham Əliyevə səs verdikdən sonra o, Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız ümummilli liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi", - deyə İ.Məmmədov diqqətə çatdırıb.

Deputat vurğulayıb ki, müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanır. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Ən önəmlisi isə, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görülür, nəhəng infrastruktur layihələri həyata keçirilir.

Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulmasının ölkəmizin dünyaya çıxışını təmin etdiyini qeyd edən İ.Məmmədov bildirib ki, olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəbin tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verir.

Deputat vurğulayıb ki, 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxın müddətdə pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması.

“2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və şanlı ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Dövlətimizin başçısı prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.

Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtmaları üçün bütün imkanlar səfərbər olunduğunu diqqətə çatdıran İ.Məmmədov deyib: "İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib. Oktyabr ayında Zəngilan Beynəlxalq Hava Limanının açılması və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlanılacaq”.

Deputat bildirib ki, Ermənistanı həm döyüş meydanında, həm də diplomatiyada diz çökdürən Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmaqda davam edir.
Xəbəri paylaş