Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa artıq vasitəçi deyil, sadəcə Ermənistanın “vəkil”idir

Fransa artıq vasitəçi deyil, sadəcə Ermənistanın “vəkil”idir


Makron Fransasının nə vaxtsa Azərbaycana qarşı bu qədər açıq şəkildə xaincəsinə davranacağı prinsipcə gözlənilən idi. Çünki Fransanın hazırkı prezidenti öz sələflərinin layiqli varisi kimi davranmır. Keçmiş Fransa prezidentlərindən fərqli olaraq hazırkı prezident açıq-aşkar ermənipərəst mövqe sərgiləmək xəttini tutub. Bunu Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev də vurğuladı. Dövlət başçımız qeyd etdi ki, “Təəssüf ki, Fransanın indiki rəhbərliyi əvvəlkilərdən fərqli olaraq, - mənim isə Prezident Şirakla da, Prezident Sarkozi ilə də, Prezident Ollandla da kifayət qədər sıx ünsiyyət qurmaq imkanım var idi və münasibətlər kifayət qədər ölçülüb-biçilmiş, kifayət qədər mehriban idi və Fransada müəyyən erməni diasporu amilinə baxmayaraq, biz həmişə Fransanın əvvəlki prezidentlərinin fəaliyyətini, balanslaşdırılmış qəbul edirdik, - mahiyyət etibarilə bütün bunların üstündən xətt çəkdi”.

Odur ki, Fransa Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə yardım etmək, vasitəçi rolunu oynamaq ixtiyarını artıq həm mənəvi, həm də siyasi baxımdan itirmiş sayılır. Çünki Emmanuel Makronun səriştəsiz, naşı siyasətçilər kimi səsləndirdiyi ermənipərəst bəyanatları rəsmi Paris və Bakı arasında münasibətlərə ciddi surətdə mənfi təsir göstərməklə bərabər, həm də Ermənistan və Azərbaycan arasında start götürmüş, çətinliklə olsa da irəliləməkdə olan normallaşma prosesinə süni əngəl yaradır. Ona görə də Azərbaycan cəmiyyəti də birmənalı olaraq Fransanın vasitəçilik cəhdləriini davam etdirməsinin əleyhinədir. Hazırda demək olar ki, hər bir azərbaycanlıda Fransanın Azərbaycanla Ermənistan arasında obyektiv vasitəçi ola bilməyəcəyi ilə bağlı qəti fikir formalaşıb.

Özünü “super demokrat” hesab edən üç-beş nəfər dırnaqarası “azərbaycanlı”nın Fransa prezidentinin Azərbaycan üzərinə demarşına haqq qazandırması isə Vətənə, dövlətə asi olmaqdan başqa bir şey deyil. 13-14 sentyabr sərhəd döyüşləri zamanı təcavüzkar Ermənistanı bir kənara qoyub, öz dövlətini – Azərbaycanı “təcavüzkar” adlandıran idbar zehniyyət sahiblərinin bu gün də Makronun anti-Azərbaycan mövqeli sərsəm fikirlərini alqışlamaları açıq-aşkar xəyanətdir. Erməniləri dəstəkləyən, “Fransa Ermənistanı heç vaxt tək qoymayacaq” deyən Emmanuel Makron kimi bir türk düşməninin əsassız ittihamlarına haqq qazandırmağın özü də bir erməniçilikdir. Əsl azərbaycanlı heç vaxt belə bir xəyanət çirkabına bulaşmaz!

Biz Milli Həmrəylik Partiyası olaraq Azərbaycanla Ermənistan arasında sülh prosesi üçün real addımlar atıldığı bir vaxtda Emmanuel Makronun Cənubi Qafqazda sülh prosesinə ağır zərbə vuran bəyanatlarını pisləyir və Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesindən uzaqlaşdırılmasını tələb edirik. Avropa İttifaqının vasitəçilik səylərini heçə endirən Fransa prezidenti bu proseslərdə obyektiv və tərəfsiz vasitəçi olmayacağını bəyan etməklə əslində özü də öz vasitəçiliyini açıq-aşkar şübhə altına salmış oldu. Odur ki, Fransanın belə bir təəssübkeşlik və tərəfkeşlik sərgilədiyi bir məqamda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində hər hansı bir rol oynaması qeyri-mümkündür.

Dünya miqyaslı siyasətçi kimi yox, naşı siyasətçi kimi müsahibə verən və küçə leksikonundan istifadə edərək Azərbaycan əleyhinə ittihamlar səsləndirən, iftiralar yağdıran bir ölkənin prezidenti özünü bizə zorla vasitəçi kimi, arbitr kimi sırıya bilməz. Makron qlobal geosiyasi hiylələrini “erməni sevgisi” kimi təqdim edib, Ermənistan üzərindən Azərbaycana qarşı siyasi müharibə elan edirsə, biz bu ölkəyə vasitəçi kimi yox, real düşmənimiz kimi baxmalıyıq. Bizə qarşı düşmən mövqe sərgiləyən bir ölkə (Fransa) digər düşmənimizlə (Ermənistanla) bizim aramızda axı necə vasitəçilik edə bilər?

Dünya praktikasından da məlumdur ki, vasitəçi hökmən neytral, tərəfsiz və qərəzsiz olmalıdır. Bəs, Fransa bu gün bu tələblərə, kriterlərə cavab verirmi? Əsla, yox! Makron vasitəçilik missiyasını öz üzərinə götürərək tərəfləri Praqada danışıqlar masasına dəvət etmişdisə, o, ilk növbədə məhz bu kriterlərdən çıxış etməliydi və onun açıqlamaları da yalnız və yalnız sülh prosesinə dəstək xarakterli fikirlər olmalıydı. Lakin əfsuslar olsun ki, biz bunun tamamilə əksinə olan bir mənzərə ilə qarşılaşdıq. Makron məlum müsahibəsi ilə vasitəçiliyin kriterlərinə, prinsiplərinə tüpürdü. Biz də Makrona və onun dırnaqarası “vasitəçilik” səylərinə eyni münasibəti göstərərək Fransanı prosesdən uzaqlaşdırmalıyıq. Fransa artıq vasitəçi deyil, bu ölkə sadəcə və sadəcə Ermənistanın “vəkil”idir. Azərbaycanın Fransa kimi “vəkil”lərə ehtiyacı yoxdur!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş