Bu gün müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən birinin, dövlətimizin başçısı cənab İlham Əliyevin ilk dəfə ölkə prezidenti seçilməsinin ildönümüdür. 19 il əvvəl 15 oktyabrda xalqımız tarixinin ən müdrik, ən uzaqgörən və ən düzgün seçimlərindən birini etdi. Ulu öndər Heydər Əliyevin siyasi kursuna səs verərək cənab İlham Əliyevi prezident seçdi. Bununla da Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 19 il ərzində bəlkə də, əsrlərə sığmayacaq böyük bir inkişaf yolu keçilmişdir.
Məhz cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu xeyli artmış, regionuna aparıcı ölkəsi kimi mövqeyini möhkəmləndirmiş və qlobal siyasi proseslərdə söz sahibinə çevrilmişdir. Əminliklə deyə bilərik ki, regionda baş verən siyasi hadisələrdə nəyinki Azərbaycanın mövqeyi nəzərə alınır, bu mövqe həlledici olur. Hətta bir çox hallarda gündəmi məhz Azərbaycan müəyyənləşdirir. Cənab İlham Əliyevin rəhbərliyində Azərbaycan ən mürəkkəb dövrlərdə və mürəkkəb coğrafiyada öz maraqlarını tam qoruyur. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına ardıcıl olaraq iki müddətə sədrlik edib.
Təbii ki, bu siyasi qüdrətin arxasında həm də iqtisadi güc dayanır. Son 19 ildə Azərbaycanın unikal bir iqtsadi inkişaf yolu keçib. Ölkə iqtisadiyyatı təxminən 3,5 dəfə, dövlət büdcəsi isə təxminən 5 dəfə artıb, 2 milyondan çox yeni iş yerləri yaradılıb, yoxsulluq 49 faizdən təxminən 5 faizə enib. Ölkəmizə qoyulan xarici investisiyaların həcmi 280 milyard dolları ötüb.
Heç şübhəsiz ki, prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizn ən böyük uğuru Vətən müharibəsindəki tarixi zəfərimizdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi.
Cənab prezidentin özünün də dəfələrlə vurğuladığı kimi, indi Azərbaycan tarixinin ən güclü və ən qüdrətli dövrünü yaşayır. Bütün bunlar isə Cənab prezidentin, Müzəffər Ali Baş Komandanın müdrikliyi, parlaq zəkası, polad iradəsi və dəmir yumruğu sayəsində olub.
Aydın Hüseynov-Milli Məclisin deputatı