Prezident İlham Əliyevin 14 oktyabrda Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışı etdi. Prezident çıxışı zamanı çox önəmli məsələlərə toxundu. Ölkə başçısı ilk olaraq son zamanlar Minsk Qrupunu dirçəltməyə çalışan qüvvələrə öz mesajını verdi. İlham Əliyev bildirdi ki, 28 il ərzində Minsk Qrupunun nəticəsi sıfıra bərabərdir. Bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi.
Bu vaxta qədər Prezident Minsk Qrupu haqqında öz fikirlərini demişdi. Amma düşünürəm ki, Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında ölkə başçısı həm Minsk Qrupu üzvlərinə, həm də onları himayə etmək istəyənlərə qəti və son fikrini dedi. Eyni zamanda ölkə başçısı bildirdi ki, Azərbaycan münaqişəni özü həll edib. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib.
Çıxışında münaqişədən sonrakı vəziyyətə də toxunan prezident sentyabrda Azərbaycan-Ermənistan sərhədi ərazisində baş verən silahlı toqquşmaları xatırlatdı. Aydın məsələdir ki, müharibədən sonra cəbhədə belə toqquşamların baş vermə səbəbləri Azərbaycana qarşı aparılan terrordur. Vəziyyəti toqquşma halına qədər gətirmək istəyən qüvvələr Azərbaycana qarşı terror aparmaq istəyir. Amma qüdrətli Azərbaycan ordusu bütün qüvvələrə cavab verəcək haldadır.
Eyni zamanda ölkə başçısı son günlər Fransanın ölkəmizə qarşı atdığı və atmaq istədiyi qərəzli addımlardan da danışdı. Prezident bildirdi ki, Azərbaycan dördtərəfli görüşün, o cümlədən Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyası var idi, lakin Qarabağ münaqişəsi nizamlandığına görə Minsk Qrupunun xidmətinə heç bir ehtiyac yoxdur.Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdiyini vurğulayan İlham Əliyev bildirdi ki, bu bəyanatlarda o, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Həmçinin Prezident Fransa Senatının və aşağı palatasının İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul etdiyini xatırlatdı və noyabrın ortalarına Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırladığını da vurğuladı.
Könül İsmayılova-Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şurasının və İdarə Heyətinin üzvü