Oktyabrın 15-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti təlim mərkəzlərindən birində olub və yeni istifadəyə verilmiş ümumqoşun atış meydanında hərbi qulluqçuların atəş hazırlığı üzrə keçirilən məşğələlərini izləyib.
Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Məruzə edilib ki, atış meydanında şəxsi heyətin döyüş texnikası və müxtəlif növ atıcı silahlardan atış çalışmalarının, həmçinin atəş hazırlığı üzrə normativlərin yerinə yetirilməsi üçün atış sahələri və taktiki siniflər mövcuddur.
Müdafiə naziri hərbi qulluqçuların vəzifə borclarının dərindən mənimsənilməsi, atəş hazırlığı üzrə normativlərin dəqiq yerinə yetirilməsi, o cümlədən döyüş hazırlığının daha da yüksəldilməsi istiqamətində müvafiq tapşırıqlar verib.