İran silah qaldırır, İsrailin Diaspora Naziri İsrail dövlətinə yön verir, istiqamət verir, hansı addımlar atmalı olduğunu deyir. Bizdə isə nə edilir? Komitə sədri hansısa ölkədəki sərgiləri paylaşır, 5-6 təşkilatın bəyanatını paylaşır və bunu iş olaraq təqdim edir.
Makron ərazi bütövlüyümüzü şübhə altına alır, hanı Fransadakı diasporamızın lobbiçilik fəaliyyəti? Hanı etirazlar? Niyə effektiv addımlar atılmır? Şuşa səfərləri, hansısa konfrans keçirib 5 adam yığmaq, qeyri hökumət təşkilatı səviyyəsində iş görmək sizin ayıbınızdır. Hələ utanmadan da bunu iş kimi təqdim etmək ümumiyyətlə biyabırçılıqdır. Böyük bir qurum, milyonlarla büdcəylə, nə addım atacağını, hansı koordinasiyanı həyata keçirəcəyini bilmir.
İlham Əliyev təkbaşına savaşır cənablar,
TƏKBAŞINA!
Tək qoymuşuq meydanda. Dövlətin diaspora qurumu İranlı soydaşlarımızı özündən uzaqlaşdırmamalıydı, onların gücünü artırmalı, İran kartı üçün istifadə etməliydi. Amerika, Kanada, Avstraliya, Avropada yüzlərlə İranlı soydaşlarımızın rəhbərlik etdiyi təşkilatlar var. Açıq işləyə bilmirsən, gizlin işlə. Rəsmi deyil - qeyri rəsmi formada maliyyə dəstəyi ver, qoyun güclənsinlər. Başa düşürük ki, İranda edam var , işgəncə var, şallaq var. Bəs minlərlə soydaşımız Avropada küçələrə çıxsaydı nə olacaqdı? Kim onlara işgəncə edəcəkdi. Vaxtı ilə fəal olan iranlı soydaşlarımız niyə çəkildilər kənara? Niyə özgələşdirildilər? Bax, indi bunları düşünməyin əsl zamanıdır. Paxlava, Şəkərbura, dolma diasporasının zamanı bitibdi, real işlər görmək lazımdır. Və ümumiyyətlə onsuzda heç bir fəaliyyəti hiss olunmayan Diaspora Komitəsi ləğv edilib Xarici İşlər Nazirliyi nəzdində Agentlik yaxud idarə səviyyəsində ola bilər.
Rəşad Quliyev