Şuşa şəhərində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun təcrübə-sınaq laboratoriyası yaradılıb.
Newscenter.az xəbər verir ki, bu barədə Agentliyin rəis müavini Elxan Əsədov Bakıda keçirilən 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh” sərgisində məlumat verib.
“FHN-nin müvafiq qurumları işğaldan azad olunmuş ərazilərdə zəruri infrastrukturun yaradılması istiqamətində böyük işlər görüb. İnşaat sahəsinə yardım və nazarət edilməsi məqsədilə Qarabağ Regional Tikinti Müfəttişliyinin material-texniki bazası və kadr potensialı gücləndirilib. Hazırda ərazidəki tikinti işlərinə dövlət nəzarəti həyata keçirilir. İnşaat Materialları Elmi-tədqiqat İnstitutunun təcrübə sınaq laboratoriyası vasitəsilə isə ərazidəki köhnə tikililər müayinə olunur, eləcə də yeni tikinti meydançalarında sınaq işləri aparılır, təcrübələrin nəticələri inşaatçılara çatdırılır", - deyə o, qeyd edib.
İnstitutun bugünki sərgidə öz stendi ilə çıxış etdiyini deyən E.Əsədov əlavə edib ki, belə sərgilərin nəticəsi müsbət olur: "Çünki burada məlumatların operativ şəkildə çatdırılması və işgüzar əlaqələrin qurulması üçüb daha əlverişli şərait yaradılır”.