Qarabağ Dirçəliş Fondu bu gün Bakı Ekspo Mərkəzində işinə başlayan və artıq ikinci dəfə təşkil olunan “Rebuild Karabakh 2022” sərgisində üzərində Qarabağın simvolları təsvir olunan “Incredible Karabakh” “T-shirt” kolleksiyasını təqdim edib. Bu barədə məlumat Newscenter.az-a Fonddan daxil olub.
Heç şübhəsiz, Qarabağ deyiləndə ilk olaraq ağla məhz sadaladığımız tarixi abidələrimiz və mədəniyyətimizin inciləri gəlir. Çünki biz xalq olaraq tək Qarabağı deyil, həm də onu bütün dünyaya tanıtdıran möhtəşəm rəmzlərinə dəyər veririk.
Qarabağın özəlliyini, ona xas mədəniyyət incilərini təşviq etmək niyyəti ilə hazırlanan “T-shirt” kolleksiyasının üzərində Qarabağın ayrı-ayrı bölgələrinə xas olan simvollar – Vətən müharibəsində qələbəmizin rəmzinə çevrilən Xarı-bülbül, möhtəşəm Şuşa və Əsgəran qalaları, məğrurluq və cəsarətlilik simvolu sayılan Laçın quşu, Kəlbəcərin əzəmətli dağları, şöhrəti dünyaya yayılmış Qarabağ atı, görkəmli şair və filosofumuz Füzuli, xalqımızın milli sərvəti olan Xudafərin və Laləzar körpüləri, Zəngilanın məşhur Çinar ağacı, Xankəndinin əsasını qoyan İbrahimxəlil xan, qədim yaşayış düşərgəsi olan Azıx mağarası kimi rəmzlərimiz təsvir olunub.
Qeyd edək ki, kolleksiya yaxın gələcəkdə Fondla əməkdaşlıq edən şirkət tərəfindən satışa çıxarılacaq. Satışdan əldə olunan gəlirin bir hissəsi isə Qarabağ Dirçəliş Fonduna ianə ediləcək və həmin vəsait Qarabağın bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən layihələrə sərf olunacaq.
Beləliklə, kolleksiyadan məhsul alan hər bir şəxs Qarabağın rəmzini öz üzərində qürurla daşımaqla yanaşı, Qarabağın bərpasına dəstək vermiş olacaq.