Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşıma ilə məşğul olan daşıyıcılarla görüş keçirilib. Görüşdə sərnişindaşıma sahəsində çatışmazlıqlar, daşıyıcıların fəaliyyəti, qarşılaşdıqları problemlər və onların həlli yolları müzakirə olunub.
Newscenter.az xəbər verir ki, daşıyıcılar daha çox qeyri-qanuni sərnişin daşımalarından, bəzi istiqamətlərdə şəhərlərarası sərnişin daşınmasının az rentabelli olmasından narazılıqlarını ifadə ediblər. Onlar, həmçinin istifadədə olan nəqliyyat vasitələrinin yenilənməsində çətinlik çəkdiklərini bildiriblər.
Görüşdə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında qanunsuz sərnişindaşımanın aradan qaldırılması ilə bağlı addımların tədricən səmərə verdiyi vurğulanıb. Rayon avtovağzallarının fəaliyyəti və bilet satışındakı problemlər diqqətə çatdırılıb.
Görüşdə sürücülərin peşəkarlıq keyfiyyətinin artırılmasına ehtiyac olduğu da qeyd edilib.
AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev avtobus parkının vəziyyəti və yenilənməsi istiqamətində görüləcək işlər barədə məlumat verib. Həmçinin şəhərdaxili marşrutlarda nağdsız ödəniş sisteminə keçid və onlayn bilet satışı sisteminin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.
Görüşdə şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarının müsabiqəyə çıxarılması barədə də fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində hazırda 4 istiqamət üzrə 9 reys müsabiqəyə çıxarılıb. Növbəti mərhələdə şəhərətrafı və şəhərdaxili marşrutlarla bağlı da eyni addımın atılacağı vurğulanıb.
Mehman