Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Növbəti qırmızı lentimiz Zəngəzur dəhlizidir-VAQİF ABDULLAYEV

Növbəti qırmızı lentimiz Zəngəzur dəhlizidir-VAQİF ABDULLAYEV


Təxminən 1 il əvvəl, oktyabr ayının sonlarında Cənab İlham Əliyev qardaş Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğanla birlikdə Zəngilanın Ağalı kəndində görüşərək Zəngəzur dəhlizinin əsas qovşaqlarından biri olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoymuşdular. Füzuli Beynəlxalq Hava Limanının açılışını etmişdilər.

Bu gün iki qardaş daha Möhtəşəm hadisənin müjdəsini verirlər, cəmi bir ildən sonra eyni məkanda görüşərək Qarabağımızın həyatında yeni əlamətdar günə şahidlik edirlər.

Bu gün Türk Dünyasının iki Böyük Oğlu Zəngəzur dəhlizinin qapısı olan Zəngilan Beynəlxalq Hava Limanın açılışını etdilər.

Füzuli Hava Limanı Şuşaya, Qarabağa açılan Qapıdırsa, Zəngilan Hava Limanı Şərqi-Zəngəzura, Bütöv Zəngəzura açılan Hava Qapısıdır. Bu layihə Zəngəzur dəhlizinin çığırı olmaqla Türk dünyasının xəritəsində yeni səhifə açır.

Ərdoğanın Limanının açılışında bəyan etdiyi “Azərbaycan və bütün Türk dünyası üçün xeyirli olması” fikri də Türk Birliyinin iqtisadi coğrafiyasında yeni Yol açan Açarın rəmzidir.

Zəngəzur dəhlizi Horadizdən, Ağoğlandan başlayaraq Asiya və Avropaya qədər uzanaraq böyük bir qlobal kommunikasiya dəhlizi olacaq. Bu geniş coğrafiyada bütün ölkələr üçün siyasi və iqtisadi fürsətlər yaranacaq.

Prezidentlər İlham Əliyev və Tayyib Ərdoğan yeni açılışlar etməklə, yeni təməllər atmaqla Qarabağ və Zəngəzur bölgəsinin beynəlxalq əməkdaşlıq və rifah zonasına çevrilməsini təmin edirlər.

Bu bölgə Cənubi Qafqaz və Şimali Qafqaz, Asiya-Avropa regionu ölkələri arasında güclü iqtisadi mərkəz rolunu oynamaqla bütün dövlətlərin inkişafına töhfə verəcək.

Azərbaycan və Türkiyə Prezidentləri qarşıda yeni Qırmızı lentləri kəsəcəklər, Türk Birliyinə qol-qanad verən yeni Yolların açılışını edəcəklər.

Əmin ola bilərik ki, Cənab İlham Əliyev və Ərdoğan gələn ilin oktyabr ayında Zəngəzur dəhlizindən keçərək Naxçıvana, Qarsa, İstanbula gedəcəklər.

Növbəti Yolumuz, Qırmızı Lentimiz, Açarımız Zəngilanla Naxçıvanı birləşdirən Zəngəzur olacaq.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş