Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağdan dünyaya sıçrayan od və yaxud böyük güclər qarşı-qarşıya!

Qarabağdan dünyaya sıçrayan od və yaxud böyük güclər qarşı-qarşıya!


İki gündür qonşu İran "Nuh deyib, peyğəmbər demədən", Arazın sahilində İslamın düşmənləri ilə aparacağı müharibənin hərbi təlimlərini keçirir. Hətta təlimlərdən birində İran əsgəri Araz çayı üzərində ponton körpü düzəldib, guya Arazın bu tayına keçib, İslam düşmənlərini məhv edir! Kənardan necə başa düşüldü? Sanki İran tezliklə Ermənistana müharibə elan edəcək, eləmi? Çünki Arazın bu tayında müsəlman əhalisi olmayan, hətta müsəlmanlarla müharibə aparan ölkə Ermənistandır. Yox elə deyil, İranı yaxşı tanıyanlar bilər ki, bu Molla quruluşu qazanc naminə şeytanla belə əməkdaşlığa gedər.

İran bu dəfə Azərbaycana əzələ nümayiş etdirir! Arazın yaxınlığında hərbi təlimlər keçirməklə Azərbaycana hədə-qorxu gəlir. Çünki Azərbaycan 2 il öncə bölgədəki ölkələrin müqəddəratını həll edən müharibənin qalibidir. Bu qalib ölkənin əhalisinin 3 qatı qədər azərbaycanlı isə İran ərazisindəki Cənubi Azərbaycanda yaşayır. O ölkədə ki, adını İslam Respublikası qoyub İslama qarşı ən böyük düşmənçiliyi aparmaqla məşğuldur... Azərbaycanın qalib ölkəyə çevrilməsi də məhz ən çox bu ölkənin narahat edir. İran ondan narahatdır ki, artıq onun şimal nəfəsliyi olan Zəngəzur əldən çıxmaq üzrədir. Buna görə, də Ali rəhbər səviyyəsində dəfələrlə sərhədlər bizim qırmızı xəttimizdir deyən rəsmi Tehran ən gözəl müdafiə hücumdur taktikasından istifadə etməyə çalışır. Ancaq müharibə qanunlarına görə, qalib gəlmək istəyirsənsə, tələsməməli, səbr etməli, son zərbəni vaxtında vurmalısan. Bu baxımdan, görünən budur ki, sanki İran bir az tələsib. Çünki onların hərbi təlimlərinə cavab olaraq Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına səfəri, İranla sərhəddə yerləşən və İkinci Qarabağ Müharibəsində azad edilən
Cəbrayıl rayonu ərazisində qarşısından qaçan ceyranlarla foto çəkdirməsi bir sıra suallara cavab vermək idi. Bu cavab İransevərlər üçün şapalaq effekti yaradıb, desək yanılmarıq. Prezident açıq-aşkar İranın hərbi təlimləri günü azad olunmuş ərazilərə getməklə, "Mən burdayam, sizdən qorxmuram", qarşısındakı qaçan ceyranlarla çəkdirdiyi şəkillə isə, "biz ovçuyuq düşmənləri ceyran kimi ovlayarıq" mesajını verdi. Bu mesajdan hər kəs öz payını götürəcək. Necə ki, bir vaxtlar Prezidentin Füzuli, Zəngilan və Laçında aeroportlar salınması ilə bağlı sərəncamlarına ağız büzənlər, bu gün xarici təhdid qarşısında həmin aeroportların nə qədər strateji əhəmiyyətə malik olduğunu anlayıb, öz paylarını götürürlər. Bəlkə də anlayıb heç paylarını da götürməyiblər, heç ömur boyu da anlamayacaqlar. Çünki Qərbdəki havadarlarının sözü ilə oturub-duranlar düşmənə layiqli cavab verəcək hərbi təyyarələrin və PUA-ların həmin ərazilərdən hava məkanına nəzarət etməsinin ölkənin təhlükəsizliyi üçün çox mühüm addım olduğunu necə anlasınlar?

Hava limanlarından söz düşmüşkən deyək ki, ayın 20-i Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan Hava Limanının açılışını edəcəklər! Bu açılışın özü belə Ermənistan və onun havadarlarına İrana və Fransaya bir göndərmədir. Son vaxtlar İran PUA-larının Rusiya hərbi arsenalında Ukrayna ərazilərindəki mülki obyektləri bombalaması bir az İrana qol-qanad verib. Amma hələ də onlar anlamırlar ki, qarşılarındakı ölkə iki il öncə müharibə görmüş, hərbi arsenalında dünyanın ən inkişaf silahları və PUA-ları olan ölkədir. Eyni zamanda Azərbaycanın Türkiyə ilə Şuşa bəyannaməsi var və bu bəyannamədə göstərilir ki, Azərbaycan ərazisinə atılacaq bir gülləyə görə İran qarşısında Türkiyəni görə bilər. Bu isə onsuz da laxlayan, daxili çalxalanmalardan başını itirən Molla rejiminin sonu ola bilər!

Beləliklə, İkinci Qarabağ müharibəsi həm də böyük gücləri bir-birinə qarşı qoyub. Hələ ki, bu müharibənin qalibi bizik. Amma bu müharibənin təsirindən çıxa bilməyən böyük güclər, bir-birlərinə diş qıcamaq və daha çox əzələ nümayiş etdirməyə çalışırlar. Çünki müharibə bitməyib, bir mərhələdən digər mərhələyə qədəm qoyub. Qərbi Zəngəzur məsələsi öz həllini tapana qədər müharibənin bitəcəyi gözlənilmir. Sadəcə olaraq şəkil dəyişdirə və bir mərhələdən digər mərhələyə keçə bilər...

Elmar Hüseynov
Xəbəri paylaş