Qardaş ölkələrin, qardaş liderlərin çətin günlərdə də, xoş anlarda da birlikdə olması, bir araya gəlib dosta da, düşmənə də mahiyyətinə uyğun mesajlar verməsi təbiidir və qanunauyğunluqdur. Bu mənada, Azərbaycan-Türkiyə qardaşlığının dünyada bənzəri yoxdur. Əlbəttə, dünyada mənşəcə bir-birinə qohum olan, eyni kökdən gələn xalqlar çoxdur, ancaq onların arasındakı münasibətlər Azərbaycan-Türkiyə münasibətlərinə əsla bənzəmir.
Bizim xalqlarımız və ölkələrimiz qardaşlıq və müttəfiqliyin unikal nümunəsini ortaya qoyub, araya-ərsəyə gətiriblər. Və bunda Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi rolu vardır. Məhz onların bir-birinə qarşı əsl qardaşlıq hissilə yanaşması və bir-birilərinə bütün məsələlərdə qeydsiz-şərtsiz dəstək verməsi iki qardaş ölkə arasında münasibətlərin daha da sıxlaşmasına rəvac verir.
Ərdoğanın məhz Zəngilanın düşmən işğalından azad edildiyi gün Azərbaycana səfər etməsi də qardaş dəstəyinin bir nümunəsidir. O, sevincimizi bölüşməyə gəlir. Azərbaycan torpaqlarını həmişə azad görmək istədiyini bir daha bəyan etməyə gəlir. Başqa sözlə desək, bu səfər 44 günlük Vətən müharibəsindəki Qələbəmizin möhkəmləndirilməsinə xidmət edir. Biz bu səfərə görə Ərdoğana təşəkkürümüzü bildiririk! Qardaş ölkəyə, azad torpaqlara xoş gəldiniz, hörmətli Ərdoğan!
Bu səfəri daha da önəmli edən başqa bir məqam da var. Belə ki, Türkiyə prezidentinin Zəngilana səfəri İranın sərhədlərimizdə hərbi təlimlər keçirməsindən bir gün sonraya təsadüf edir. Ərdoğanın bu səfəri yalnız Zəngilanın işğaldan azad edildiyi gündə İlham Əliyev ilə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının açılışını etməyə həsr olunmayıb. Bu səfər həm də bizə meydan oxuyan Fransa kimi, İran kimi ermənipərəst ölkələrə mesajdır. Qardaş ölkənin lideri düşmənlərimizə bəyan edir ki, "Azərbaycanın üzərinə gəlməyə cəsarət etməyin, Türkiyə hər zaman Azərbaycanın yanındadır!".
Ərdoğanın bu mesajı yəqin ki, Fransa prezidenti Emmanuel Makronu da, İranın fars-molla rejimini də reallıq hissinə qaytaracaq və onları bizə qarşı təhdid ritorikasından əl çəkməyə məcbur edəcək. Türkiyənin Azərbaycanın yanında yer alması zərurət və qanunauyğunluqdur. Şər ölkələr (Fransa, İran və digərləri) şər yuvasının (Ermənistanın) yanında yer alırsa, haqqı, ədaləti təmsil edən Türkiyənin də haqlı tərəfə - Azərbaycana dəstək verməsi tamamilə təbiidir. Allah bu birlik və bərabərliyimizi qorusun!
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri