“Zəngilan rayonu ərazisində yerləşən Üç nöqtə yüksəkliyi Vətən müharibəsində pilotsuz uçuş aparatları və Dövlət Sərhəd Xidmətinin çevik hərəkat qüvvələrinin qəhrəmanlığı sayəsində düşmən işğalından azad edildi”.
Newscenter.az xəbər verir ki, bunu “Report”un Zəngilan rayonuna ezam olunan əməkdaşına müsahibəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Qərargah rəisi general-mayor Aqşin Məhərrəmov deyib.
Vətən müharibəsinin komandirlərindən biri olmuş general-mayor bildirib ki, Üç nöqtənin düşməndən təmizlənməsi DSX-nin xüsusi təyinatlılarının uğurlu əməliyyatlarından biri kimi yadda qalıb.
Onun sözlərinə görə, həmin döyüşlərdən bir gün əvvəl ərazinin havadan kəşfiyyatı aparılıb, düşmən haqqında məlumatlar, onların yerləşmə yeri, strateji obyektləri, sığınacaqları, canlı qüvvəsi, texnikası, atəş mövqeləri, hərəkət marşrutları, hava hücumundan müdafiə qurğuları dəqiqləşdirilərək müvafiq qərarların qəbul olunması üçün Komanda Məntəqəsində təhlil olunub: “Növbəti gün gecə saatlarında kiçik çevikçi qruplar tərəfindən sızma əməliyyatı icra olunaraq, ermənilərə sarsıdıcı zərbələr endirildi. Həmin vaxt düşmən geri qaçmağa məcbur oldu”.
Lakin düşmən məğlubiyyətlə barışmaq istəməyib və yenidən hücuma cəhd edib. Özü də ağır texnikanın köməyi ilə. Ancaq Azərbaycan sərhədçiləri ermənilərə yenidən dərs verib.
“Ermənilərin texnikası bizim mövqelərə yaxınlaşırdı. Bu zaman DSX-nin raket artilleriya divizionu və zərbəendirici pilotsuz uçuş aparatları düşmənin dərinliklərdə yerləşən artilleriya qurğularını, yaxınlaşmaqda olan texnikasını dəqiq atəşlə darmadağın etdi”, - A.Məhərrəmov xatırlayır.
Üç nöqtə yüksəkliyi böyük strateji əhəmiyyətə malikdir, çünki üç dövlətin – Azərbaycan, İran və Ermənistan dövlət sərhədlərinin kəsişdiyi ərazidir. Bu, döyüşə girəcək sərhədçilərə də məlum idi, ona görə də əməliyyata xüsusi ilə hazırlaşmışdılar.
“Bu əməliyyat bizim hamımız üçün çox vacib və əhəmiyyətli idi. Bölmələrimiz tərəfindən buna nail olduq və ərazini düşməndən təmizlədik. Hazırda Üç nöqtə deyilən ərazi sərhədçilərimiz tərəfindən mətinliklə qorunur. Ali Baş Komandan tərəfindən qarşıya qoyulan istənilən tapşırığı Azərbaycan sərhədçisi icra etməyə hazır və qadirdir.
Çevikçilərimiz tərəfindən ərazilərimizin işğaldan azad olunması, dövlət bayrağımızın düşməndən təmizlənən torpaqlara sancılması hər birimiz üçün sevindiricidir. Arazboyu yerlərdə bizim soydaşlarımız yaşayırlar. Döyüşlər zamanı onlar bizim hərəkətlərimizi kənardan müşahidə edərək müxtəlif şüarlar səsləndirirdilər. Soydaşlarımız bu ərazilərin əsl sahibini gördükləri üçün çox sevinirdilər”, - o söyləyib.
General-mayor vurğulayıb ki, Vətən müharibəsi dövründə və ondan sonrakı kiçik əməliyyatlarda belə Azərbaycan sərhədçisi Cenevrə Konvensiyası və müharibə qaydalarına uyğun olaraq döyüş əməliyyatlarını icra edib.
“Bildiyiniz kimi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq, hər il Dövlət Sərhəd Xidmətinin hissə və bölmələri ölkə ərazisində irimiqyaslı təlimlərə cəlb olunurdu. Bu təlimlərdə şəxsi heyətimiz yüksək bilik və bacarıq, taktiki vərdişlər əldə edərək növbəti təlimlərdə onları tətbiq edirdi. Dövlət Sərhəd Xidmətinin arsenalında müasir silah, texnika avadanlıqları, zərbəendirici pilotsuz uçuş aparatları mövcuddur. Bu da aydın məsələdir ki, düşmən bunların qarşısında tab gətirə bilməzdi. Nəticəsi olaraq, əvvəl 2016-cı il Aprel döyüşlərində zərbəendirici pilotsuz uçuş aparatlarının heyətlərinin yüksək peşəkarlığı nəticəsində düşmənə sarsıdıcı zərbələr endirilmişdi. Bunun davamı olaraq isə Vətən müharibəsində də pilotsuz uçuş aparatlardan istifadə olundu”, - Qərargah rəisi vurğulayıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə A.Məhərrəmov “Zəfər” ordeni, "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.