Bu həftə həm Azərbaycan, həm Türkiyə üçün sevindirici bir hadisənin şahidi olduq. Zəngilan Hava Limanının açılışı mərasimi keçirildi və elə bölgədən hər iki liderin dünyaya mesajları bütün media resurslarını bəzədi. Bu hadisədən cəmi bircə gün sonra qonşu İran tələm-tələsik Qərbi Zəngəzurun Qafan rayonunda hələ suvağı təmiz qurumamış binada İran konsulluğunun açılışını elədi. Bu o demək idi ki, artıq müharibənin ikinci mərhələsinə start verilib. Lakin bu mərhələdə əsas oyunçular Azərbaycan ilə Türkiyə, Ermənistan ilə İran cütlükləridir. Hazırda bu cütlüklərdən birinin digəri ilə qarşılaşdıgı məqamlar daha çox soyuq müharibəni andırır. Amma bu soyuq müharibənin tezliklə kənar qüvvələr (Fransa, Rusiya, Böyük Britaniya, İsrail) tərəfindən körükləndirilməyəcəyi istisna deyil. İran Türkiyənin PUA istehsalı ilə rəqabətə girməyə çalışsa da hələ ki, bu sahədə böyük güc hesab olunmur. Həmçinin bu həftə Türkiyənin "Tayfun" ballistik raketini sınaqdan keçirdiyini elan etməsi, bir çox ölkəni qorxuya salır. İranı da bu ölkələrin sırasına daxil etmək olar.
Bütün bunlarla yanaşı ən mühüm məqam ondan ibarətdir ki, kənardan baxanda sanki dünyanın daha çox diqqət ayırdığı məsələ Zəngəzur məsələsidir. Artıq beynəlxalq güclərin maraqlarının toqquşduğu bu bölgə ölkələrin nüfuz savaşına çevrilib. Gələcəkdə bu nüfuz savaşında kim bircə addım irəli çıxarsa, digər ölkələr həmin ölkəni müxtəlif vasitə və yollarla əngəlləməyə, zəiflətməyə çalışacaqlar.
Məsələn: Azərbaycan Şərqi Zəngəzurun Zəngilan rayonunda Hava Limanını açmaqla ərazidə böyük gücə sahib olduğunu dünyaya nümayiş etdirmiş oldu. Bu hadisənin əlbət ki, bir bədəli olacaqdı. Və budur Azərbaycan Prezidentinin Zəngilandakı məğrur və vüqarlı duruşunu, qalib ədasını gözləri götürməyənlər hərəkətə keçdilər. Onlar tərəfindən Meydan TV-yə şəhid polkovnik Babək Səmidlinin səs yazısı ötürüldü. Düşünün ki, bir anda bütün sosial şəbəkələrdə bu barədə statuslar paylaşılır, Azərbaycan ordusuna zərbələr vurulur. Sizcə, öncədən hazırlanmış kampaniya deyildimi? Əgər öncədən hazırlanmış kampaniya deyildisə, sual oluna bilər, niyə indiyə qədər bu səs yazısı ictimailəşdirilməmişdi? Bu, qalib ordunu qalib ordunun şəhid olmuş polkovnikinin səs yazısı ilə vurmaq deyil, bəs nədir?
İşin digər maraqlı tərəfləri də var: Məsələn Babək Səmidli nədən müdafiə nazirini deyil, baş qərargah rəisi Nəcməddin Sadıqovu hədəfə alırdı? Yoxsa, bu səs yazısı ilə ölkdədəki güclər bir-birləri ilə daxili savaşlarını artıq açıq müstəviyə keçirdilər? Bunu söyləməyə əlimizdə əsas da var ki, səs yazısı ilk olaraq Meydan TV-dən yayımlanıb. Görünən odur ki, artıq Sorosun Qərb komandası Rusiyanın ölkəmizdəki V kalonu ilə müharibəyə başlayıb. Yox əgər başqa bir variantı nəzərdən keçirməli olsaydıq, özünü yeniləmək üçün Nazirliyin bu üsula əl atdığını deyə bilərdik. Amma bizim nazirliyin bunu düşünəcək intellektə malik peşəkar əməkdaşlarının olduğuna heç kim inanmaz. Bir vaxtlar Ərdoğan Türkiyədə bu üsulla ordunu satqınlardan təmizləmişdi. Amma bizdə bu risqli gedişin ediləcəyi o qədər də inandırıcı görünmür. Biz yenə də bütün proseslərdə ən böyük zərbənin qalib ordumuza dəydiyinə inanırıq. Çünki Babək Səmidli kimləsə etdiyi bu səmimi söhbətdə ordudakı baş verən problemlər haqqında xeyli danışıb ki, dediklərində də haqlıdır. Ancaq bir ordunun korpus komandirinin müavininin bəzi məsələlərdə dedikləri də bəzən bir-birinə uyğun gəlmir.
Babək Səmidli bildirir ki, Müdafiə Nazirliyi qarşı tərəfin məlumatlarını azaldırdı ki, Ali baş Komandana göstərsinlər ki, üstünlüyü qorumuşuq, müharibəyə hazırıq. Bu açıqlamadan sonra deyir ki, bunların fikri cənab Prezidentin iradəsini qırıb Qarabağdan vaz keçirmək idi. Sual oluna bilər ki, bəs Qarabağdan vaz keçirmək idisə, niyə düşmənin sayını az göstərin deyirdilər?
İkinci məsələ ondan ibarətdir ki, müharibə vaxtı Şimalda məqsəd düşmənin başını qatmaq idi. Düzdür, orda ilk günlər çox uğursuz hücumlar oldu, amma bu məhz rəhbərliyin (korpus komandiri, briqada komandiri) səhvləri idi. Çünki əsgəri bilərəkdən qırğına vermişdilər. Bunu Babək Səmidli özü də etiraf edir: "6 taborla 9 taborun üstünə hücuma keçmişəm. Biz dedik ki, batalyon qırılacaq, briqada qırılacaq amma tapşırığı yerinə yetirəcəyik". Düz deyir, qeyri-peşəkarlıqları ucbatından əsgəri qırğına veriblər.
Sonra Babək Səmidli deyir ki, müharibəni Bayraktar qazandı. Bu bir ordunun korpus komandirinin müavininə yaraşan sözdürmü? Bəs baramaqlarını caynağa çevirib, Şuşadakı qayalara dırmaşıb, Şuşanı azad edənlərin haqqına girmək deyilmi? Bundan sonra korpus komandirinin müavini deyir ki, 5 günə əsgəri geyindirib, silah verdim. Müharibə şəraitindəmi? Müharibə şəraitində bunu etmək üçün sənə heç iki saat da vaxt vermirlər, əgər yox idisə, bir korpus komandirinin müavini kimi hara baxırdın? Harda idi korpusun ehtiyat ləvazimatları? Növbəti açıqlamasında bildirir ki, bizdə D20 topları olsaydı, daha çox üstünlük əldə edərdik. Halbuki müharibədə mühüm bir amil var, məsafə uzandıqca dəqiqlik itir. Məsələn: D30 topları D20 toplarından daha dəqiq vurur. Yenə də Babək Səmidlinin bu fikrinə müəyyən qədər haqq qazandırardıq, amma bütün bunlar olsaydı, Müharibə 44 gün çəkməzdi 20 gün çəkərdi, fikrinə qədər. Doğrudan da bütün dünya bizim müharibəni 44 günə bitirəcəyimizə inanmırdı. Bütün hərbi ekspertlər Ohonyan səddinin yarılmasını mümkünsüz hesab edirdi. Amma qəhrəman Azərbaycan əsgəri mümkünsüzü mümkün etdi! Buna görə, nə ordumuzu nə də müharibəni kiçimsəmək, 20 günə qalib gələrdik ifadələrini işlətmək peşəkarlıq deyil.
Uzunçuluq etmək istəmirəm, korpus komandirinin müavini 2019-cu ildə snayperlər batalyonunum dağıdıldığını söyləyir. Amma qarşıdakı şəxs ona sual vermir ki, 2019-cu ilə qədər olan snayperləri müharibə vaxtı, korpus olaraq yığa bilərdiniz, bunu niyə etmədiniz?
Sonda qeyd etmək istəyirəm ki, Babək Səmidlinin çıxışında həqiqət payı yüzdə-yüz olan məqamlar da var və çoxdur. Əksəriyyətini hamımız bilirik. Bu problemlərin də tezliklə öz həllini tapmasını istəyirik. Ancaq böyük bir problemlər içində olan Müdafiə Nazirliyində korpus komandirinin problemsiz müavini olmaq da mənim üçün heç inandırıcı deyil.
Fikrimcə Babək Səmidli yaxın dostu və yoldaşı ilə elədiyi bu söhbətin gələcəkdə başqaları tərəfindən çox eybəcər şəkildə istifadə olunacağını və çox böyük həngaməyə çevriləcəyini düşünsəydi, bu barədə danışmazdı.
Şəhid Babək Səmidliyə Allahdan rəhmət diləyirəm, məzarı nurla dolsun.
P.S. Müdafiə Nazirliyinə isə arzu edirəm ki, həll olunması mümkün olmayan problemləri ictimailəşdirib həllinə nail olsunlar. Qalib Azərbaycan ordusunu gülüş mənbəyinə, böyük güclərin savaş alətinə, ictimaiyyətin müzakirəsinə və məğlubların hədəfinə çevirməsinlər...
Elmar Hüseynov