“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi “İşğaldan azad olunmuş ərazilərdəki minalar və partlamamış hərbi sursatlar problemi barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması məqsədilə təhqiqatın aparılaraq hesabatın hazırlanması” adlı layihəsinin icrasını sona çatdırır.
Newscenter.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.
Layihənin məqsədi işğaldan azad olunmuş ərazilərdəki mina və PHS problemi barədə təhqiqat aparmaqla hesabat hazırlayıb beynəlxalq ictimaiyyətin, donorların diqqətinə çatdırmaq və onları Azərbaycandakı mina və PHS problemlərinin həll olunmasına cəlb etməkdir. Hesabatda problemin miqyası, minaların təmizlənməsindəki nailiyyətlər və problemlər, mina təhlükəsinə qarşı maarifləndirmə proqramlarının adekvat olub-olmaması, insanların mina qurbanı olmasının səbəbləri, beynəlxalq birliyin Azərbaycandakı bu problemə münasibətinin göstərilməsi nəzərdə tutulub.
İctimai Birliyin sədri Hafiz Səfixanov deyib ki, bu məqsədlə işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Xocavənd, Ağdam və Tər-tər rayonlarına səfərlər edərək monitorinqlər keçirilib, bu ərazilərdə fəaliyyət göstərən mina təmizləmə və digər təşkilatların nümayəndələri ilə görüşlər keçirərək məlumat toplusu əldə edilib: “Yalnız Kəlbəcər rayonı ərazisində yaranmış vəziyyətə görə ora səfər edə bilmədik. İşğaldan azad edilmiş 11270 km2 ərazinin təmizlənməli olduğunu, bəzi ekspertlər bu ərazilərdə bir milyondan çox mina və partlamamış hərbi sursatın olduğunu bildirir. Ən azı 1479 km2 ərazinin minalandığı təsdiqlənib. 2020-ci ilin noyabr ayından bu ilin oktyabr ayına qədər işğaldan azad edilmiş ərazilərdə minalardan təmizlənmiş yerlərin ümumi sahəsi 56 573 hektar təşkil edir. Əldə etdiyimiz məlumatlar və monitorinqlər göstərir ki, işğaldan azad olunmuş ərazilərdə minalar və PHS-in sayı həddindən çoxdur, Ermənistan tərəfindən minaların qoyulmasında qanunauyğunluq yoxdur, bir çox ərazilərdə minalar çox sıx yerləşdirilib. Minatəmizləmə əməliyyatları zamanı 1 m2 yerdə 8 mina tapılıb, minalara yalnız keçmiş təmas (Ohanyan səddi) xəttində deyil digər ərazilərdə də rast gəlinir.
Azərbaycan ərazilərində ən çox rast gəlinən minalar və PHS bunlardır. Piyadalar əleyhinə minalar: Ermənistan istehsalı PMN-Э, PMN, PMN-2, OZM, OZM-72, MON-50, MON – 100, MON -200, POMZ, POMZ-2M və PMD-6
Tank əleyhinə minalar: TM-57, TM-62, TM-62M, TM-62P, TM-62P2, TM-62P3. Ümumilikdə 24 markada minalara rast gəlinib. Partlamamış hərbi sursatlar: əl qumbaraları - F1, RQ 42, RQD 5.
Minaatan mərmisi - OF-843, M-73, M-62P9
Top mərmisi - O-365, OF-25, OF-26, OF-530, OR-281. Zenit top mərmisi - OFZ
Kasetli subsursatlar: 9N-210, 9N-235, AO-2.5PTM, PTAB-1M, ShOAB-05, M095 DPICM
Ümumilikdə 232 adda partlamamış hərbi sursata rast gəlinib.
Layihənin icrası zamanı Almaniya, Fransa səfirləri, Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri, Latviya səfirinin müavini, ABŞ səfirliyinin siyasi müşaviri, BMT Uşaq Fonudunun (UNİCEF) Fövqəladə hallar üzrə mütəxəssisi ilə görüşlər keçirilmişdir və Azərbaycandakı mina/PHS problemləri ətraflı müzakirə olunmuş və beynəlxalq ictimaiyyətin bu problemə daha artıq diqqət yetirməsi vurğulanmışdır. Böyük Britaniya səfirinin müavini ilə keçirilən görüşdə o bildirmişdir ki, onun ölkəsindən olan 3 beynəlxalq ekspert hazırda Azərbaycanda fəaliyyət göstərir, 1 il burada çalışacaqlar və bütün bunlar onun ölkəsi tərəfindən maliyyələşdirilir. Bəzi ekspertlər Azərbaycandakı mina və PHS problemini Bosniya-Hersoqovina, Küveyt və Liviyadakı vəziyyətlə müqayisə edirlər. UNİCEF-in ANAMA və Elm və Təhsil Nazirliyilə bağladığı memoranduma əsasən ölkədə mina təhlükəsinin izahı proqramı həyata keçirilir. BAMF 6 rayonda, Dayaq təşkilatı isə 4 rayonda bu proqramı davam etdirir. Bu proqram çərçivəsində 01.06.2022 tarixədək 75 bilbord o, cümlədən də 6 böyük bilbord maqistral yollarda quraşdırılıb. 90000 insan maarifləndirilib, 1002 müəllimə online təlim keçirilib, 17200 şagird maarifləndirilib. Son rəsmi məlumata əsasən Azərbaycanda 3342 nəfərin minalardan və PHS-dən zərər çəkdiyi bildirilir ki, bunun da 574 nəfəri həlak olub, 2637 nəfər yaralanıb. 10 noyabr 2020 – 23.10.2022 tarixlərdə 266 nəfərin minalardan və PHS-dən zərər çəkdiyi bildirilir ki, bunun da 35 mülki şəxs olmaqla 45 nəfəri həlak olub, 221 nəfəri o, cümlədən 89 mülki şəxs yaralanıb. Layihə 2 ay müddətində icra olunmuşdur.