Paytaxtdakı ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbəri vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsinin nəticələri bəlli olub.
Newscenter.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən test imtahanının nəticələri təhlil edilərək cavablar namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrinə göndərilib.
Nəticələrə əsasən, test imtahanında iştirak edən 199 namizəddən 37 nəfəri 80 faiz və yuxarı nəticə göstərərək müsabiqənin müsahibə mərhələsinə vəsiqə qazanıb. 50-80 faiz nəticə göstərən 139 namizəd isə ehtiyat kadr kimi qeydə alınıb. Həmin namizədlərin əldə etdiyi nəticə 1 il müddətində qüvvədə qalacaq və vakant yerlər yarandığı təqdirdə müsahibəyə dəvət olunacaqlar. 0-50 faiz nəticə göstərən namizədlər (23 nəfər) isə müsabiqədən keçməyib.
Qeyd edək ki, hazırda paytaxtdakı ümumi təhsil müəssisələrində GÇH rəhbəri vəzifəsi üzrə 22 vakant (2-si müddətli müqavilə ilə) yer var. Şifahi müsahibənin vaxtı və yeri barədə namizədlərə əlavə məlumat veriləcək.
Elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müəssisələrdə vakant olan Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırmaqla təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
R.Mehdiyeva