“Dünyəvi dövlətdə dini maarifçilik işinin təşkili” mövzusunda növbəti seminar-treninq 26 və 27 oktyabr tarixlərində Balakən rayonunda keçirilib.
Newscenter.az xəbər verir ki, iki gün davam edən tədbirdə fərqli din və məzhəb mənsubları arasında dözümsüzlük hallarına yol verilməməsi, dini icmaların fəaliyyətində tolerantlığın və multikulturalizmin gücləndirilməsi, cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və dini icmaların bu işə cəlb olunması baxımından ən səmərəli yol olan dini maarifləndirmə işinin əhəmiyyəti vurğulanıb.
Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Turan Dibirov Balakəndəki mövcud dini durum barədə məlumat verərək rayon ictimaiyyəti ilə bu mövzunun müzakirə olunmasının maarifçilik baxımından son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında din və cəmiyyət, dövlət və din münasibətlərinin başlıca istiqamətlərinə toxunub, dövlətin dinə yanaşmasının əsas meyarlarını iştirakçıların diqqətinə çatdırıb. Cəmiyyətdə parçalanma yaratmaq istəyən qüvvələrin dindarlar arasında apardıqları təbliğatların əsas mahiyyətini geniş şəkildə izah edən sədr müavini dinin siyasiləşdirilməsinin, dinə xarici təsir və müdaxilələrin, dinə xidmət adı altında tolerantlığın zəiflədilməsinə, məzhəblərarası qarşıdurmanın yaradılmasına səy göstərməyin, xurafatçı meyillərin yayılmasına cəhdlərin edilməsinin bu təbliğatların əsasını təşkil etdiyini bildirib. Sədr müavini, eyni zamanda bu kimi mənfi təzahürlərə qarşı effektiv mübarizə aparılması məqsədilə dini maarifçilik işinin düzgün metodlarla təşkili məsələlərinin zəruriliyinə toxunub.
RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov rayonda fəaliyyət göstərən dini icmalar barədə məlumat verərək din xadimlərinin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin Balakən rayon qazısı İbrahim İbrahimov vurğulayıb ki, Azərbaycanda hər bir dini etiqad sahibinin ibadətini yerinə yetirməsi üçün əlverişli şərait var. Ölkə vətəndaşlarının hamısı dini və milli dəyərlərimizi qorumalı və bizim birgə yaşamağımıza, həmrəyliyimizə mane olan, bizi bir-birimizdən uzaqlaşdıran radikal dini düşüncəyə qarşı ayıq-sayıq olmalıdır.
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə işini yekunlaşdırıb.