Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə (elektrik təchizatı şəbəkəsinə - ETŞ) qoşulma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin təqdimatı keçirilib.
Newscenter.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində təşkil edilmiş tədbirdə çıxış edən energetika nazirinin müavini, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupun rəhbəri, Azərbaycan Respublikası Energetika nazirinin müavini Samir Vəliyev ETŞ-yə qoşulma sahəsində görülən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, İşçi Qrupunun üzvlərinin iştirakı ilə hazırlanmış və layihəyə cəlb edilmiş məsləhətçi şirkət tərəfindən təkmilləşdirilmiş Diaqnostika Matrisası əsasında tərtib edilən “Kommunal xidmətlərə (ETŞ-yə) qoşulma” indikatoru ilə bağlı müvafiq Yol Xəritəsi Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib.
Tədbirdə məlumat verilib ki, Yol Xəritəsində kommunal xidmət qaydalarının keyfiyyəti, kommunal xidmət göstəriciləri və xidmətlərin şəffaflığı, kommunal sahədə xidmətlərin həyata keçirilməsinin səmərəliliyi, maarifləndirmə və təbliğat işlərinin aparılması istiqamətlərində 4 alt indikator, 5 komponent və 10 alt komponent üzrə 21 tədbir öz əksini tapıb. Bu tədbirlər əsasən elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə normativ hüquqi baza, kommunal xidmətlərin təhlükəsizliyi və təchizatın keyfiyyəti, tariflər və digər istiqamətləri əhatə edir.
Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev Dünya Bankının “Əlverişli Biznes Mühiti” layihəsi barədə çıxış edib, təsdiq edilmiş Yol Xəritəsinin əhəmiyyəti və müvafiq sahəyə verəcəyi töhfələr barədə fikirlərini bölüşüb. “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov sənəddə nəzərdə tutulan tədbirlərin elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində xidmətin keyfiyyətinə müsbət təsirini vurğulayıb.
Energetika Nazirliyinin şöbə müdiri Rauf Qurbanov Yol Xəritəsində Energetika Nazirliyi və nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi üzrə nəzərdə tutulan tədbirlər və qarşıda duran vəzifələr barədə təqdimatla çıxış edib.
“Azərişıq” ASC sədrinin müşaviri Fərruh Heybətov Yol Xəritəsində qurumun məsul olduğu tədbirlərin icrası ilə bağlı görüləcək işləri təqdimat şəklində diqqətə çatdırıb. Bu işlərin elektrik təchizatı şəbəkələrinə qoşulmanın düzgün və səmərəli təşkilinə təsiri qeyd edilib, kommunal xidmətlərə qoşulma üzrə dövlət xidmətlərinin elektronlaşdırılması və onlayn müraciət imkanlarının artırılması barədə məlumat verilib.
Sonra iclas iştirakçıları tərəfindən yeni Yol Xəritəsi üzrə qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb, səsləndirilmiş rəy və təkliflərin tədbirlərin icrası zamanı nəzərə alınması məqsədəuyğun hesab edilib.
İclasda Energetika Nazirliyi, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC, “Azərişıq” ASC və “Azərenerji” ASC-nin, eləcə də dövlət və özəl şirkətlərinin nümayəndələri, media təmsilçiləri iştirak ediblər.