“Münaqişədən sonrakı mərhələdə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əməkdaşlığının gündəliyi çox genişdir”.
Newscenter.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
“Bizim BMT ilə əməkdaşlıq gündəliyimiz çox genişdir. İlk növbədə, bunlar 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə bağlı layihələrdir, bu istiqamətdə biz BMT-nin müxtəlif qurumları ilə qarşılıqlı faydalı əməkdaşlıq edirik, müxtəlif istiqamətlərdə layihələr həyata keçiririk. Vətən müharibəsi başa çatdıqdan sonra BMT ilə əməkdaşlığın yeni gündəliyini xüsusilə qeyd etmək istərdim.
Bu, ilk növbədə, minalardan təmizləmə prosesində əməkdaşlıqdır, çünki mina təhlükəsi işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin sürətinə, eləcə də keçmiş məcburi köçkünlərin oraya qaytarılması prosesinə mənfi təsir göstərir. Ona görə də biz bu məsələdə BMT ilə sıx əməkdaşlıq edirik, proqram ANAMA ilə birgə həyata keçirilir”, - deyə E.Məmmədov bildirib.
Onun sözlərinə görə, əməkdaşlığın digər mühüm aspekti keçmiş məcburi köçkünlərin geri qaytarılmasıdır, bunlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının həyata keçirdiyi layihələrdir:
Nazir müavini xatırladıb ki, münaqişədən sonrakı mərhələdə BMT-nin Məskunlaşma Proqramının dəstəyi ilə Ağdamda ilk şəhərsalma forumu da keçirilib.
“İnanırıq ki, münaqişədən sonrakı mərhələdə bu mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq davam etdiriləcəkdir”.