Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəqliyyat sahəsinə dair məsələlərin müzakirəsi ilə bağlı görüş keçirilib

Nəqliyyat sahəsinə dair məsələlərin müzakirəsi ilə bağlı görüş keçirilib


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə nəqliyyat sahəsinə dair məsələlərin müzakirəsi ilə bağlı görüş keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə nazirlik yanında İctimai Şuranın üzvləri, nəqliyyat sahəsi üzrə ekspertlər və mütəxəssislər iştirak ediblər.

Görüşün keçirilməsində məqsəd nəqliyyat sahəsində mövcud vəziyyət, problemlər və perspektivlər barədə müzakirələrin aparılması və təkliflərin dinlənilməsi olub. Müzakirə zamanı nəqliyyat sektorunda aparılan islahatlar, ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi, yerli daşıyıcıların beynəlxalq daşımalar bazarına çıxışının genişləndirilməsi, həmçinin bu sahədə rəqəmsal texnologiyaların tətbiqinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov son dövrlər ölkənin nəqliyyat kompleksində, dəmir yolu, hava və su nəqliyyatında, yük və sərnişindaşıma sahələrində görülən işlər, sərnişin nəqliyyatı parkının yenilənməsi istiqamətində aparılan islahatlardan danışıb, həyata keçirilməsi planlaşdırılan yeniliklər barədə məlumat verib.

Nazir müavini qeyd edib ki, Azərbaycanın regionun əsas nəqliyyat mərkəzlərindən birinə çevrilməsi, tranzit və regional daşımaların artırılması, tranzit daşımaları və logistik proseslərin sadələşdirilməsi istiqamətində hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində davamlı tədbirlər görülür.

Rəhman Hümmətov beynəlxalq daşımalar sahəsində peşəkar sürücülərin hazırlanmasına da önəm verildiyini, bu məqsədlə sürücülərin təlimlərə cəlb edildiyini diqqətə çatdırıb.

Sərnişindaşımada xidmətin təşkilinin təkmilləşdirilməsi məsələsinə toxunan nazir müavini qeyd edib ki, hazırda bu sahə ətraflı şəkildə təhlil edilir, dayanıqlı maliyyə modelinin qurulması, nağdsız ödəniş sisteminin tətbiqi ilə daha səmərəli idarəetmə sisteminin yaradılması imkanları araşdırılır.

Taksi xidməti sahəsində mövcud vəziyyətlə bağlı Rəhman Hümmətov bildirib ki, bu sahədə əsas problem tənzimləmənin zəif olmasıdır. Bu da haqsız rəqabətə və xidmət keyfiyyətinin aşağı olmasına imkan yaradır.
Görüşdə vurğulanıb ki, nəqliyyat sahəsinin tənzimlənməsi, qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin tətbiqi üzrə işlər aparılır. Aparılan araşdırmalar və görülən işlərdə əsas məqsəd bu sahədə fəaliyyət göstərən bütün sahibkarların maraqlarının qorunması, sərnişinlərin təhlükəsizliyinin, informasiya təhlükəsizliyinin, həmçinin ekoloji tələblərə riayət olunmasının təmin edilməsi, haqsız rəqabət və inhisarçılığın qarşısının alınmasıdır.

Əhalinin mobilliyinin təmin edilməsi məqsədilə inteqrasiya olunmuş nəqliyyat sisteminin qurulmasının zəruriliyi qeyd olunub. Həmçinin alternativ nəqliyyat vasitələrinin inkişaf etdirilməsi və avtobus zolaqlarının təkmilləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra ekspert və mütəxəssislərin sualları cavablandırılıb, onların təklifləri dinlənilib.

Sonda iştirakçılar belə görüşlərin gələcək fəaliyyət üçün faydalı olacağına əminliklərini ifadə ediblər.
Xəbəri paylaş