Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu Zığ qəsəbəsində Dədə Qorqud yaşayış massivinin məhəllədaxili yollarında aparılan təmir işləri yekunlaşmaq üzrədir.
Newscenter.az xəbər verir ki, uzunluğu 1400, eni ortalama 6 metr təşkil edən sözügedən yollar torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Aparılan yenidənqurma işləri çərçivəsində yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və yolun profilə salınması işləri görülüb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən hazırda ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi və zəruri yerlərdə 150 p/metr yeni piyada səkilərinin inşası işləri son mərhələdə olmaqla aparılır.
Xatırladaq ki, Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir edilib. 2022-ci ildə rayon üzrə təmir olunacaq küçə və yolların ümumi uzunluğu isə 12.5 km təşkil edir.