Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk Dünyası: Türk sivilizasiyasının varlığını inkar edənlərə ən tutarlı cavab

Türk Dünyası: Türk sivilizasiyasının varlığını inkar edənlərə ən tutarlı cavab


Tarixin bütün dönəmlərində türklər özlərinin qüdrəti, güçü, zəngin dövlətçilik ənənələri ilə seçilmiş, dünyanın ən üstün dəyərlərə malik sivilizasiyalarından birinin sahibi olmuşlar. Bu gün qloballaşan dünyada Türkün sarsılmaz gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirmək üçün onun birliyinin bərpa olunmacına ciddi ehtiyac var. 44 günlük Vətən müharibəsi bir daha Azərbaycan – Türkiyə birliyinin timsalında türkün gücünü və yenilməzliyini bütün dünyaya göstərdi.
Hazırda bəşər sivilizasiyası tarixində özünəxas yeri olan türk sivilizasiyası, türk mədəniyyəti, elmi, dövlətçiliyi, hərb sənəti və s. sahələrin hərtərəfli öyrənilməsi üzrə geniş araşdırmalar aparılır, fundamental elmi əsərlər yazılır. Beş cilddən ibarət olan “Türk dünyası” toplusu da bu sahədə ən qiymətli tədqiqat işidir. Toplunun müəllifi - tanınmış ictimai-siyasi xadim, fəlsəfə üzrə fəlsəfə doktoru, millət vəkili Cavanşir Feyziyev, dünya içində böyük bir dünyanın - Türk dünyasının ən qədim qatlardan bu günədək keçdiyi şanlı yolu universal bir tədqiqatçı bacarığı ilə araşdırmış, türkün böyüklüyünü, bütövlüyünü, əzəmətini və zənginliyini göstərmiş, türk dünyasının vəhdətini elmi əsaslarla təqdim etməyə nail olmuşdur. 5 cilddən ibarət “Türk dünyası” əsərində müəllif türk dünyasının xüsusiyyətlərini real faktlar, dolğun və zəngin məlumatlar əsasında əks etdirməklə türklüyün bütövlük gerçəkliyini sübut edir. Elmi redaktorları akademik Yaqub Mahmudov və professor Fərman İsmayılov olan “Türk dünyasının təməl dəyərləri” adlı I kitabda 26 məqalə təqdim olunub və bu məqalələrdə türk sivilizasiyasının tarixi təkamülü və təməl dəyərləri, türk dilləri ailəsi, ümumtürk tarixi və mədəniyyəti, siyasət və diplomatiyası, türklərin spesifik həyat tərzi, adət-ənənələri, universal-multikulturalist dünyagörüşü və onların müasir dünyadakı mövqeyi haqqında geniş məlumat verilir. Müəllif türk sivilizasiyasının dünyanın fundamental dəyərlərə malik ən seçkin sivilizasiyalarından biri olduğunu bildirir.
C.Feyziyev türk sivilizasiyasının varlığını şərtləndirən ən mühüm amilin onun dünya dil ailələrindən fərqli linqvistik sistemə - Altay dilləri qolunda türk dilləri ailəsinə mənsub bir superetnosun sivilizasiyası kimi təşəkkül tapdığını, onun ayrı-ayrı təzahürlər şəklində deyil, sistem və proses şəklində mövcud olduğunu elmi faktlar və zəngin mənbələrə istinad etməklə göstərmişdir. Müəllif haqlı olaraq vurğulayır ki, mədəniyyət içərisində mədəniyyətlərin olması faktını təsdiq etmək mümkün deyil. C. Feyziyev bildirir ki, türklər öz tarixi inkişaf proseslərində bir-biri ilə genetik bağlılıqda olan fərqli mədəniyyətlər yetişdirmişlər. Bu mədəniyyətlər universal və özünəməxsus dəyərlərə malik mədəniyyətlər kimi şəbəkələnmiş və məhz bu mədəniyyətlərin ümumi məcmusu türk sivilizasiyasını yetişdirmişdir. Müəllif qeyd edir ki, bütün funksionallığı ilə Avrasiyanın zəngin təbiətini, etnosfer rəngarəngliyini, folklor arxetiplərini öz məğzində tarix boyu yaşada və onların vəhdətini mənəvi enerjiyə, hərbi-siyasi mütəşəkkillik qüdrətinə çevirə bildiyi üçün türk sivilizasiyası sözün əsl mənasında passionar sivilizasiyadır. C. Feyziyevin kitabı türk sivilizasiyasının varlığını bu və ya digər şəkildə inkar edənlərə, türklərin yalnız mədəniyyətinin təşəkkül tapdığını, onların sivilizasiya yaratmaq səviyyəsinə çata bilmədiyini iddia edənlərə tutarlı cavabdır.

Əsərdə e.ə. I minilliyin əvvəllərindən Mərkəzi Asiyanın qüdrətli etnosu kimi tarix səhnəsinə gəlmiş və yaşadığı ilk yurd indiki Monqolustanın şimal-şərq və şimal-qərb hüdudları, Altay dağlarının ətrafı, Yenisey və Selenqa çayı boyunca Abakan, Tuba və Ötükən əraziləri olan türklərin yaşadığı coğrafiyanın dəyişmələrə, dəfələrlə genişlənmə və daralmalara məruz qaldığını bildirən müəllif müasir dövrdə türk etnocoğrafiyası haqqında müfəssəl məlumatlar sərgiləyir.

Türk etnogenezinin təşəkkülündə iştirak edən hun etnosu haqqında tarixi mənbələrə istinad etməklə əhatəli məlumat verən tədqiqatçı belə qənaətə gəlir ki, türklər artıq VII-VIII əsrlərdə Mərkəzi Asiyanın dominant xalqına və hərbi-siyasi gücünə çevrilmiş, tarixi baxımdan Avrasiyanın böyük hun ənənəsi türk epoxası ilə əvəz olunmuşdur.

Əsərdə göstərilir ki, Türk dünyasının tarixi geopolitikası böyük Hun imperiyasının təşəkkülündən Göy Türk imperiyasının sonunadək davam edən dövr, İslam dövrü, XX əsrin əvvəllərindən müasir dövrümüzədək davam edən dövr olmaqla üç epoxal fazadan ibarətdir və onların hər biri haqqında ətraflı məlumat verilir.
Kitabın “Türk dilləri ailəsi” başlıqlı hissəsində bir dilçi mövqeyindən çıxış edən müəllif dünyanın dil ailələri sırasında türk dilləri ailəsinin mövqeyi, bu dillərin təsnif prinsipləri, türk dillərinin yayılma coğrafiyası, işlənmə intensivliyi kimi məsələləri araşdırır və oxucunu maraqlı məlumatlarla tanış edir. Əsərdə haqlı olaraq vurğulanır ki, türk dilləri ailəsi içərisində bu sistemin universal bir dili kimi bütün türk xalqları tərəfindən anlaşılan Türkiyə türkcəsinin Birləşmiş Millətlər Təşkilatının beynəlxalq dilləri sırasında yer almasına tam haqqı var.

Kitabda müəllifin Türk diplomatiyası tarixinə baxışı da çox maraqlıdır. Müəllif hunların varisi olan Göytürk imperiyasının Avrasiya dövlətləri ilə hərbi, siyasi və diplomatik münasibətlərindən başlayaraq hazırkı dövrdə türk dövlətlərinin dünya ilə münasibətlərini və o cümlədən öz aralarındakı münasibətləri də təhlil edib. C. Feyziyev qeyd edir ki, türk dövlətləri öz aralarındakı ikitərəfli və çoxtərəfli münasibətlərin, strateji müttəfiqliyin ən yüksək səviyyəsini bütün istiqamətlərdə əldə etməli, ortaya çıxa biləcək hər hansı problemi qeyri-türk dövlətlərinin müdaxiləsi olmadan ümumi konsensus əsasında həll etməli, türk diplomatiyasının üstünlüyünü, çevikliyini və demokratizmini ilkin olaraq bu taktiki planda həyata keçirməli, strateji planda isə həmin konsensus mövqeyini beynəlxalq siyasətin aparıcı tendensiyaları ilə uzlaşdırmağa çalışmalıdır.

Kitabın “Türklər və islam” başlıqlı hissəsi də maraqlı fikirlər və faktların zənginliyi ilə diqqəti cəlb edir. Türklərin ərəb və farsdilli ədəbiyyatın, elmin və ilahiyyatın, fəlsəfə və incəsənətin, ümumən islam mədəniyyətinin tərəqqisində müstəsna rol oynadığını qeyd edən müəllif belə bir fikir yürüdür: Türk sivilizasiyası həm islamaqədərki tarixi, həm islam dövrü, həm də modern dövrünün ardıcıllığını və inteqral birliyini nəzərdə tutan gələcəkyönlü konseptual yanaşmada öz həqiqi dəyərini almış olur.

Kitabın “Türklər və imperializm” başlıqlı hissəsində müəllif imperializmin yaratdığı nəticələri, eyni zamanda Azərbaycanın məruz qaldığı siyasi prosesləri faktlara istinad etməklə təhlil etmiş və belə bir qənaətə gəlmişdir ki, türk xalqlarının yaşadığı çox geniş coğrafi məkanda son onilliklərə - müstəqilləşmə epoxasına qədər imperializm siyasəti bu və ya digər formada, lakin ardıcıl olaraq yeridilmiş, bu xalqların nəinki ərazilərinə, həm də milli sərvətlərinə, fiziki və intellektual sərvətlərinə sahiblik edilmiş, bütün maddi və mənəvi ehtiyatlar həmin siyasətin nəzarəti altına alınmışdır. Müəllif təkcə tarixi prosesi elmi təhlildən keçirməklə işini tamamlamır, eyni zamanda hazırda müstəqil türk dövlətlərinin əməkdaşlıq siyasətinə təhlükə törədə bilən amillər arasında iki zidd tendensiyalı prosesə diqqət yetirməyin zəruriliyini, hər ikisinin eyni dərəcədə təhlükəli olduğunu da vurğulayır: bir tərəfdən, Avrasiyada hegemonluq iddiasında olan qüvvələrin təxribatı, digər tərəfdən, radikal dini-ideoloji ekstremizmin törətdiyi təhlükə.

“İnkişaf etmək istəyən cəmiyyətlər bəşəriyyətin qabaqcıl nailiyyətlərindən bəhrələnmədən heç bir irəliləyiş əldə edə bilməzlər”, - ideyası üzərində yazılan “Türklər və modernləşmə” başlıqlı məqalədə müəllif bildirir ki, türklər qədim zamanlardan dünyanın üstün dəyərlərinə sahib olmağa – onları yaratmağa və mənimsəməyə çalışmışlar. Bu məqalədə türklərin üç nəhəng imperiyasından – Osmanlı, Səfəvi, Moğol imperiyasından başlamış cümhuriyyət dövrünədək keçdiyi şanlı yol nəzərdən keçirilir, hadisələrə siyasi təhlillər verilir, eyni zamanda Azərbaycanın rus imperiyasının tərkibində olduğu dövr, bu dövrün mütərəqqi ziyalıları, onların apardığı mübarizə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması kimi tarixi hadisələr araşdırılır. C. Feyziyev belə bir qənaətə gəlir ki, qlobal idarəetməninn gələcək inkişaf ssenarilərində türk sivilizasiyasının təmsilçiliyinin təmin olunması gələcəyin qlobal siyasət meydanında müstəqil türk dövlətlərinin müqəddəratını həll edəcək bir məsələyə çevrilir.

Kitabın “Türk ədəbiyyatı”, “Türk incəsənəti”, “Türk musiqisi”, “Türk xalçaçılığı”, “Türk miniatürü”, “Türk memarlığı” adlı başlıqlarda diqqətə çatdırılan məsələlər də xüsusi maraq doğurur. Türk sivilizasiyasının müxtəlif parametlərini əks etdirən bu bölmələr uyğun sahə üzrə tədqiqat aparacaq mütəxəssislər üçün son dərəcə qiymətli mənbə rolunu oynaya bilər. Kitabda bu məsələlərlə bağlı araşdırmaları maraqlı fotoşəkillər müşayiət edir ki, bu da söylənilən fikirlərin doğruluğunu təsdiqləyən faktlar kimi çox qiymətlidir.
Kitabın “Türk elmi və fəlsəfəsi” adlı bölümündə müəllif qeyd edir ki, hələ eramızdan əvvəlki minilliklərdə - neolit dövründə sivilizasiya həyatının ilk elementlərinə yiyələnməyə başlamış türklərin alim və mütəfəkkirləri nəzəri, praktiki və humanitar elmlərin bütün istiqamətlərində böyük nailiyyətlərə imza atmış, Qərb dünyasında modernləşmə epoxasının başlamasına Avropa alimləri ilə birlikdə ideya təməli yaratmışlar.

“Türklərin etnopsixologiyası” bölməsində türklər üçün səciyyəvi olan aşağıdakı xüsusiyyətlər göstərilir: 1. Türk ağıl və gücə sahib olmaqla başlını baş əydirmiş, dizlini diz çökdürməyi bacarmışdır; 2.Türk əxlaqi-psixoloji şərtinə görə dövlətin bəyləri də, milləti də doğru olmalıdır; 3. Türk güclü olmalıdır, dözümlü olmalıdır; 4.Türklərdə əsil-nəcabətə fikir verilsə də, bu Aropada və digər Asiya dövlətlərində olduğu kimi sinfi fərqlilik, təbəqələşmə xarakteri daşımır.
Türk sivilizasiyasının epik düşüncə mədəniyyətinin məhsulu olan “Oğuz Kağan”, “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Manas” kimi qəhrəmanlıq eposlarına diqqəti yönəldərək, müəllif vətənpərvərlik, mübarizlik, qəhrəmanlıq, yenilməzlik, sədaqət, məsuliyyət, xeyirxahlıq, alicənablıq, işgüzarlıq, uzaqgörənlik, təmkinlilik, etibar, gözütoxluq, dövlətçilik əxlaqı, ailə namusu, insansevərlik, düzlük, mərhəmət, ehtiram, bərabərlik, əqidə və məfkurə sağlamlığı və s. kimi bütün nəcib keyfiyyətlərin türk etnopsixologiyasının tarixən formalaşmış və həmişə də zənginləşməkdə davam edən əxlaqi dəyərləri olduğunu vurğulayır.

Kitabda “Türklərin adət-ənənələri və milli bayramları” adlı bölmədə ta qədimlərdən üzü bəri yol alıb gələn və türk təfəkkür tərzini özündə ehtiva edən adət-ənənələr, bayramlar haqqında əhatəli məlumat verilir, bu məsələ ilə bağlı maraqlı fotolar təqdim edilir.

“Multikulturalizm arxetipləri” başlığı ilə təqdim olunan məqalədə tarixi həyatının erkən mərhələlərindən başlayaraq, müxtəlifsoylu etnoslarla təmasda olan və həmişə birləşdirici mövqedə olan türklərin bu gün mövcud olan dövlətlərinin çoxmillətli, çoxdilli, çoxmədəniyyətli ölkələr olaraq, qlobal sivilizasiyanın, ümumbəşəri dəyərlərin inkişafında mühüm rol oynaması ideyası öz ifadəsini tapır. O cümlədən Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasının ölkəmizdə gerçəkləşən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsi olduğu göstərilir.
“Türk parlamentarizm ənənələri” adlı məqalədə tarixi mənbələrdə türk dövlət məclisləri barədə ilkin məlumatların Hun imperiyası dönəminə təsadüf etdiyini vurğulayan müəllif həmin dövrdən başlayaraq, uzun bir yolu qət edən türklərdə parlament idarəetməsi ilə bağlı ənənəni şərh edir, o cümlədən Azərbaycanın Şərqdə ilk parlamentli respublika olması və onun tarixi mövqeyi haqqında ətraflı təhlil aparılır.

Kitaba daxil olan “Türklər və müasir dünya” adlı sonuncu məqalədə müəllif hazırda türklərin yaşadığı coğrafi ərazinin genişliyini xəritələrlə təqdim edir. Son olaraq kitab belə bir fikrilə tamamlanır: “Müasir dünyanın geopolitik miqyasına görə ən böyük parçası olan türk dünyasının bu gün çatmalı olduğu real bir məqsəd var: Avrasiyadakı tarixi vətəninin heç kimə yox, məhz türklərə məxsus olduğunu sübut etmək – qlobal inteqrasiyanın türkmərkəzli Avrasiya modelini yaratmaq”.

Kitabın ilk səhifələrindən başlayaraq müəllifin bütün əsər boyu təlqin etdiyi fikirlər, göstərdiyi faktlar, istinad etdiyi məxəzlər bu məqsədin hazırda Türk dünyasının real haqqı olduğunu təsdiqləyir. Kitab türk dünyası ilə bağlı əsas fakt, mövzu və problemləri əhatə etməklə zəngin informasiya qaynağı kimi çox qiymətlidir. Müəllif geniş təhlillər, ümumiləşdirmələr əsasında müasir türk dünyası haqqında tam və yeni elmi mənzərə yaratmağa nail olmuşdur. Kitabda əhatə olunan mövzular araşdırılarkən Azərbaycan, türk, rus və Avropa dillərində olan 545 elmi mənbəyə istinad edərək təhlillər aparılmışdır. Təqdim olunan bu fundamental əsər Türk dünyasının birgə gələcəyini təmin edəcək bu şərəfli missiyanın həyata keçirilməsinə ən layiqli töhfədir. Bu qiymətli əsər üçün dəyərli eloğlumuz Cavanşir Feyziyevə dərin minnətdarlığımızı bildirir, çətin və şərəfli işində uğurlar, ümumtürk birliyinin həyata keçirilməsi kimi müqəddəs bir missiyanın reallaşması yolunda əqidə və əməl birliyimizin daim möhkəmlənməsini arzulayıram.


Gülarə Abdullayeva,
Filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının tədris işləri üzrə direktor müavini
Xəbəri paylaş